“Sosial şəbəkələr təsirini artırır” – Naib Niftəliyev

29 Yanvar 2026 22:24 (UTC+04:00)

"Sosial dəyişikliklərin sürətlənməsində, təbii ki, sosial şəbəkələrin, sosial texnologiyaların və dəyişən media informasiya vasitələrinin əhəmiyyətli rolu var. Burada şəbəkələşmə yeni bir sosiallaşma təmayülü kimi öz təsirini göstərir. Xüsusilə sosial platformalar – TikTok, Instagram, YouTube – həm əyləncə vasitəsi, həm də maarifləndirici sistem kimi təsirini artırır. Bu, təbii və gözləniləndir, çünki texnologiyaların sürəti artdıqca və yeni vasitələr insanlara daha çox imkan təqdim etdikcə, fərdləşmə prosesi də güclənir. Beləliklə, sosiallaşmanın məzmunu və strukturu dəyişir. İnsanlar artıq bir çox keyfiyyətləri fərdi qaydada ifadə edə bilirlər".

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.

Qeyd edək ki, son illərdə cəmiyyətimizdə sosial dəyişikliklər sürətlə gedir və bu, insanların gündəlik həyatına birbaşa təsir göstərir. Texnologiyanın və sosial medianın inkişafı ilə gənclərin gündəlik davranışları, ünsiyyət modelləri və maraq dairələri əvvəlkindən xeyli fərqlənib. TikTok, Instagram, YouTube və digər platformalar təkcə əyləncə vasitəsi olmaqla qalmayıb, həm də cəmiyyətin dəyərlərinə, həyat tərzinə və risk qəbul etmə davranışlarına təsir göstərir.

Sosioloq qeyd edib ki, bu baxımdan rəqabətin güclənməsi təbii və gözləniləndir və proses müəyyən mənada davamlı olaraq artmaqda davam edir.

"Yalnız rəqabət güclənmir, sosial əməkdaşlıq formaları və insanların sosial dəstək imkanları da eyni zamanda artır. Hər bir insan başqalarına daha çox himayə və dəstək gözləyir. Bu, yalnız onlayn mühitdə – TikTok, Facebook – deyil, real həyatda da özünü göstərir. İnsanlar davranış normalarına münasibətdə yeni bir keyfiyyət tərzi yaşayırlar və bu zaman sosial streslərin və gərginliyin artması özünü bir fenomen kimi göstərir. Sosial gərginliyin tənzimlənməsi və fərdlərin yenilənməsi, insanların daha çox sivil formalara müraciət etməsi ilə müşayiət olunur. Digər tərəfdən, fərdi agresiya və kollektiv reaksiyaların formatı da dəyişir. Məsələn, internetdə sosial əlaqələr və ya müəyyən texnologiyalar özündə bəzi təhdidlər, təhlükələr və risklər yaradır. Bu prosesdə gənclər ümumiyyətlə avanqard qüvvə rolunu oynayırlar; bütün məsuliyyət, davranış və prosesin idarəsi onların üzərindən keçir. Xüsusi tendensiyada isə gənclər ənənələr və dəyərlər ilə yeniləşən texnologiyanın təqdim etdiyi müxtəlif risk və imkanlar arasında dilemma qarşısında qalırlar. Bu, ümumiyyətlə, ikiləşmə mühitləri və ziddiyyətli təzadlar yaradır. Kiçik bir statistik müqayisə aparsaq, gəncləri üç əsas təbəqəyə ayırmaq mümkündür. Birinci təbəqə, təqribən üçdə birini (33-35%) təşkil edir və bu qrup trendlərin arxasınca gedir, liderlik etməyə və prosesi yönləndirməyə çalışır. İkinci təbəqə, təxminən 40%-i əhatə edir və prosesdə fəal iştirak edir; bu gənclər məsuliyyəti digər tərəflərdən gözləmədən aktiv rol oynayır, həm fəal qəbul edici, həm fəal dinləyici, həm də fəal iştirakçı kimi öz mövqelərini müəyyən edirlər. Üçüncü təbəqə isə təqribən 23-25%-i təşkil edir və pozitiv-seyirçi və ya fərdiyyətçi mövqedədir, yəni prosesə daha passiv yanaşırlar və əsasən müşahidəçi rolunu seçirlər. Əvvəllər insanlar məlumat üçün müəllimlərə və ya liderlərə müraciət edirdilər. İndi isə ağıllı texnologiyalar vasitəsilə cavablar tapılır və bu, gənclər arasında geniş yayılıb. Bu, öyrənmə üçün faydalıdır, lakin məlumatsız və işlənməmiş məlumatı ictimaiyyətə təqdim etmək, onu statistik və ya əsas məlumat kimi göstərmək, başqalarını aldatmaq deməkdir. Hər bir məhsul beynin və düşüncənin süzülməsindən keçməlidir. Süni intellektin istifadəsi də müəyyən etik qaydalar, prinsiplər və şərtlərlə tənzimlənməlidir. Süni intellektin özü də müəllif hüquqları baxımından ayrıca qorunmalıdır. Sosial vəziyyətə təsir edən faktorlar dəyişir və əminəvi şərtlər yenilənir. İnsanlar texnologiya vasitəsilə bir-birindən asılı olmadan önə çıxa bilirlər. Lakin bu mühitdə kimin real gücə, real intellektə və ya real potensiala sahib olduğu məsələsi aydınlaşmaqda çətinlik çəkir. Rəqabət mühitində bərabərlik pozulur və texnologiyada üstün olanlar daha çox önə keçir. Buna görə də insanlar çalışmalıdırlar ki, texnologiyaya bərabər çıxış təmin edilsin. Hər kəs internet və texnologiyadan bərabər şəraitdə istifadə etməlidir. Əlçatanlıq, bərabərlik, ədalət və proporsionallıq prinsipləri burada mütləq gözlənilməlidir. Bu prinsipləri təmin etsək, insanların davranışlarını internet və texnologiya mühitinə daşımaqla sosial gərginlikləri, stresləri və texnologiyaların gətirdiyi problemləri əhəmiyyətli dərəcədə azaltmaq mümkündür".

Rəfiqə Namazəliyeva,

AzNews.az