Müğənnilər hansı namizədin təşviqat konsertində oxuyacaq?

16 Sentyabr 2013 12:38 (UTC+04:00)



Bu gündən oktyabrın 9-da keçiriləcək prezident seçkisinin təbliğat-təşviqatına rəsmən icazə verildi. Ötən seçkilərdə olduğu kimi, bu dəfə də namizədlərin təşviqat kampaniyası çərçivəsində müxtəlif tədbirlərin, həmçinin konsert proqramlarının olacağı istisna deyil. Deməli, söhbət konsertdən gedirsə, baş rolda sənətçilərdi.

Tanınmış sənət nümayəndələrinə belə bir sualla müraciət olunub: Hansı namizədin təbliğat-təşviqat konsertlərində iştirak edəcəksiniz?

Xalq artisiti Aygün Bayramova:
"Yəqin ki, prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında çox yaxından iştirak edəcəm".

Baloğlan Əşrəfov:
"Təbii ki, seçkilərdə İlham Əliyevi dəstəkləyəcəyəm. Elə bu gün Qaradağ rayonunun Sahil qəsəbəsində keçiriləcək təşviqat xarakterli tədbirdə iştirakım olacaq".

Tanınmış müğənni Əli Mirəliyev:
"Mənim üçün bir prezident var - İlham Əliyev. Ondan başqa prezident görmürəm. Heç o birilərinin çıxışlarına da baxmayacağam. Amma o da bilsin ki, məni İlham Əliyevin tədbirlərinə dəvət etmirlər. Çağırsalar, gedib oxuyaram. Amma orda yaltaqlar çoxdur, mənə vaxt çatmaz. Çünki kişiyəm".

Müğənni Könül Kərimova:
"Səmimiyyət göstərib cavab verirəm, sonra da qalıram yaman günə. Bu sualla cavab vermək istəmirəm".

Xanım sənətçi bibr neçə saniyədən sonra fikrini dəyişir:
"Nə deyəcəyimi çaşdırıram. İlham Əliyevi dəstəkləyəcəyəm. Oktyabrın axırına qədər konsertlərdə varam".

Əməkdar artist Almaz Ələsgərova:
"Ancaq İlham Əliyevin seçki təşviqatında iştirak edəcəyəm. Digər namizədlərin kimliyindən xəbərim yoxdur. Başqa namizədlərin tədbirlərinə qatılmaq fikrim də yoxdur".

Xalq artisti Nazpəri Dostəliyeva:
"Hələ ki qərar verməmişəm. İnşallah həftənin beşinci günü bununla bağlı qərarımı verəcəyəm. Zəng vurarsınız qərarımı açıqlayaram. Namizədlərin kim olduğundan da xəbərim var".(modern.az)