Myanmada seçkilərdə USDP partiyası qalib gəlib

30 Yanvar 2026 14:35 (UTC+04:00)

Myanma 2021-ci il hərbi çevrilişindən bəri ilk ümumi seçki prosesini başa vurub. 28 dekabrda üç mərhələdə başlayan seçkilərdə hərbi hökumətin dəstəklədiyi Birlik Həmrəylik və İnkişaf Partiyası (USDP) qalib gəlib.

Dövlət mediasının açıqladığı nəticələrə görə, təqaüddə olan hərbçilərin rəhbərlik etdiyi USDP Partiyası ölkənin ikipalatalı parlamentində böyük səs çoxluğuna nail olub. Partiya aşağı palatada olan Pyithu Hluttau-dakı 263 yerdən 232-ni, yuxarı palatada olan Amyotha Hluttau-da isə elan edilmiş 157 yerdən 109-nu qazanaraq səs çoxluğuna nail olub.

Seçkilərin nəticələrindən sonra Myanma parlamentinin ölkənin yeni liderini seçmək üçün mart ayında toplaşacağı gözlənilir. Yeni hökumətin aprel ayında vəzifəyə başlaması gözlənilir. Hərbi rejimin başçısı general Min Aunq Hlainin yeni administrasiyada həlledici rol oynayacağı ehtimal olunur.

Mövsüm,

AzNews.az