Ukrayna Prezidenti Zelenski, Kiyevdə keçirdiyi mətbuat konfransında jurnalistlərin Rusiya–Ukrayna müharibəsi ilə bağlı suallarını cavablandırıb və müharibənin dayandırılması məqsədilə ABŞ tərəfindən hazırlanmış sülh planı üzrə davam edən müzakirələrə toxunub.
Zelenski bildirib ki, plandakı maddələrin böyük əksəriyyəti üzrə ABŞ tərəfi ilə razılıq əldə olunub. Onun sözlərinə görə,
“Ukrayna ABŞ-nin 20 maddəlik planında yalnız iki maddəni dəstəkləmir, qalan maddələri isə qəbul edir.”
Ukraynanın güclü təhlükəsizlik zəmanətlərinə ehtiyac duyduğunu vurğulayan Zelenski, sülh sazişi imzalanmazdan əvvəl ABŞ ilə təhlükəsizlik zəmanətlərinə dair ayrıca sənədin imzalanmasının vacib olduğunu qeyd edib.
Ukraynanın ərazi bütövlüyünü pozmayacağını bildirən Zelenski, ABŞ və Rusiya ilə aparılan danışıqlarda bu məsələ üzrə hələlik razılığın əldə olunmadığını diqqətə çatdırıb.
Ölkəsinin ərazi bütövlüyünə yönəlmiş “sərt tələbləri” qəbul etməyəcəklərini deyən Zelenski vurğulayıb:
“Ukraynaya qarşı irəli sürülən sərt tələblərin kompromis olmadığına inanırıq. Bu, Ukraynanın ərazi bütövlüyünün dəyişdirilməsi deməkdir.”
Müharibənin başa çatmasını istədiklərini bildirən Zelenski əlavə edib:
“Biz müharibəyə real son qoyacaq, lakin Ukraynanın ərazi bütövlüyündə heç bir dəyişiklik nəzərdə tutmayan kompromislərə hazırıq”.
Mövsüm,
AzNews.az