“Paşinyan ‘mifik Ermənistan’dan ‘real Ermənistan’a keçidi hədəfləyir” – Tofiq Abbasov

30 Yanvar 2026 19:39 (UTC+04:00)

"Məsələ burasındadır ki, dövlət dövlət kimi idarə olunmalıdır, yəni kilsənin bir hissəsi və ya dini qurum kimi deyil. Sadəcə, Nikol Paşinyanın planı mənə şəxsən çox aydın görünür. Məsələ ondadır ki, ermənilər ömrü boyu deyirdilər ki, milli identikliyimizi üç institut formalaşdırıb: kilsə, diaspor və dövlət. Bu yaxınlarda Nikol Paşinyan bildirdi ki, “mifik Ermənistan”dan daha çox “real Ermənistan”ı önəmsəyir və ölkənin quruculuğu ilə məşğul olmaq lazımdır. Lakin o, hələ cəmiyyətə açıq demirdi ki, bu dövlətin idarəsində 2–3 güc mərkəzi var: bir tərəfdən ona maddi dəstək verən diaspor, digər tərəfdən kilsə, hansı ki, dövlət işlərinə müdaxilə edir, öz kadrlarını yerləşdirir və proseslərin idarəsini əlində saxlamağa çalışır”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.

Xatırladaq ki, Ermənistanda kilsə ilə dövlət münasibətləri yenidən gərginləşib. Baş nazir Nikol Paşinyan brifinqdə ölkədə kilsə–dövlət münaqişəsi olmadığını desə də, kəskin açıqlamaları ilə diqqət çəkib. O bildirib ki, “kilsənin hakimiyyətini qəsb edən bir şəxs var və biz onu layiq olmadığı vəzifədən uzaqlaşdırmaq üçün bütün qanuni tədbirləri görəcəyik”. Paşinyan bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda günahlandırıb. Baş nazir vurğulayıb ki, əgər II Qaregin həqiqətən subaylıq andını pozub və uşaq atası olubsa, o, bütün ermənilərin katolikosu ola bilməyəcək. Din xadimləri isə öz növbəsində Paşinyanı kilsəyə qarşı kampaniya aparmaqda ittiham edirlər.

Siyasi şərhçi qeyd edib ki, bu, dövlət idarəçiliyində ciddi problemlər yaradır.

"Əgər ölkənin siyasi rəhbəri, baş naziri varsa, ilk növbədə cavabdehlik onların üzərinə düşməlidir. Lakin kilsə və xarici qüvvələr Nikol Paşinyanın fəaliyyətinə mane olur. Buna görə də o, “Real Ermənistan” ideyasını vurğulayır və göstərir ki, dövlətçiliyin öz institutları var və yalnız onlar prosesləri idarə etməlidir. Kilsənin işi isə dini sahəyə, insanların ruhuna və ideallarına dəstək göstərməyə yönəlməlidir. Əgər kilsə silah-sursatla məşğuldursa, revaşistləri dəstəkləyirsə, keçmiş hakimiyyət rəhbərlərinə tərəf durursa və siyasi proseslərə müdaxilə edirsə, bu, açıq-aşkar səlahiyyətlərin aşılmasıdır. İdarəetmə mərkəzləşmiş şəkildə həyata keçirilməlidir. Dövlət və hökumət ictimai qüvvələrlə bəzi hallarda razılaşır, amma əsas söz hökumətindir. Buna görə də Nikol Paşinyanı bu prosesdə başa düşür, dəstəkləyirəm. Kilsə yalnız öz işi ilə məşğul olmalı, siyasətə qarışmamalıdır. Ermənistanda dövlət və dinin payları müəyyən edilib, bir-birinə mane olmamalıdır. Əgər mane olurlarsa, deməli, qaydalar düzgün müəyyən edilməyib. Paşinyan isə proseslərdə daha qətiyyətli və məqsədyönlü olmalıdır. Eyni zamanda, diasporanın da siyasətə müdaxiləsi dayandırılmalıdır. Xaricdən maliyyə dəstəyi gəlsə belə, bu, onların idarədə payı olacağı anlamına gəlmir. Nikol Paşinyanın mövqeyi düzgündür: artıq mifik Ermənistanla vidalaşmaq, real, müasir və sivil bir dövlət qurmaq lazımdır. Bunun üçün imkanlar var və qonşu dövlətlər, xüsusilə Azərbaycan və Türkiyə, bu proseslərdə dəstək göstərirlər. Bu baxımdan, Ermənistan artıq müsbət dəyişikliklər yaşayır".

Rəfiqə Namazəliyeva,

AzNews.az