“Azərbaycanda xaricdə təhsil alan gənclər bir neçə istiqamət üzrə formalaşır. Bir qisim öz hesabına təhsil alanlardır. Bunlara Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında, daha doğrusu bizim “blok imtahanları” adlandırdığımız mərhələdə yüksək nəticə göstərməyərək xaricdə oxumağa üz tutanlar daxildir. Digər tərəfdən isə SAT imtahanında yüksək bal toplayaraq beynəlxalq səviyyədə tanınmış universitetlərdə təhsil alan gənclər var. Növbəti qrup Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında istədiyi nəticəni əldə etməyən və xaricdə yalnız attestatla ali təhsil alan tələbələrdən ibarətdir. Üçüncü kateqoriya isə dövlət sifarişi əsasında, yəni dövlətin maliyyələşdirməsi hesabına xaricdə təhsil alan şəxslərdir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Qeyd edək ki, xaricdə təhsil alaraq ölkəyə qayıdan gənclərin, eləcə də dövlət qulluğu imtahanlarında yüksək bal toplayan namizədlərin işlə təmin olunmasında ciddi problemlər mövcuddur. Bu məsələ ilə bağlı millət vəkilləri Fazil Mustafa və Razi Nurullayev Milli Məclisin plenar iclasında fikirlər səsləndiriblər. Deputat Fazil Mustafa bildirib ki, cənab Prezidentin təşəbbüsü ilə xaricdə təhsil proqramlarına yüz milyonlarla manat dövlət vəsaiti ayrılır. Lakin buna baxmayaraq, təhsilini başa vurub ölkəyə qayıdan mütəxəssislər uzun müddət işlə təmin olunmurlar. Eyni zamanda, dövlət qulluğu imtahanlarında yüksək nəticə göstərən şəxslərin də adlarının illərlə ehtiyat kadr siyahısında qalmasına baxmayaraq, onların işə qəbul edilmədiyi vurğulanıb.
Ekspert qeyd edib ki, bu tələbələrin digərlərindən fərqli olaraq müəyyən öhdəlikləri mövcuddur.
"Belə ki, dövlət xətti ilə xaricə göndərilənlərin hamısı ölkəyə qayıtmalı və ən azı üç il ərzində əldə etdikləri bilik və bacarıqları Azərbaycanda tətbiq etməlidirlər. Ümumi nəticələr baxımından onu qeyd edə bilərəm ki, hazırda təkcə Almaniyada 2000-dən artıq azərbaycanlı gənc həkim fəaliyyət göstərir. Onların böyük əksəriyyəti son illərdə Azərbaycan Tibb Universitetini bitirmiş, lakin ölkə əmək bazarında özünə uyğun iş tapa bilməyən və ya gözlədikləri əmək haqqını əldə etməyən şəxslərdir. Bu baxımdan hesab edirəm ki, bəzi hallarda gənclərin xaricə üz tutmasının qarşısını almaq üçün Azərbaycanda elm və təhsil sahəsinə yatırılan investisiyalar artırılmalı, bu sahəyə diqqət gücləndirilməlidir. Gənclərdə motivasiya yaranmalıdır ki, ölkəni tərk etməyə məcbur qalmasınlar. Təəssüf ki, hazırda bu istiqamətdə ciddi problemlər mövcuddur. Artıq magistratura və doktorantura pillələrinə maraq xeyli azalıb. Gənclərin böyük əksəriyyəti xaricdə təhsil almağa üstünlük verir və orada özünə uyğun iş tapanlar Azərbaycana qayıtmamaq üçün, hətta ali təhsil alsalar belə, iaşə obyektlərində, taksi xidmətlərində və digər sahələrdə çalışmağa razı olurlar. Düşünürəm ki, bu məsələ dövlət strategiyasında xüsusi nəzərə alınmalıdır. Gəncləri ölkəyə qaytarmaq üçün onları həvəsləndirən, cəlbedici və layiqli əmək haqları təklif olunmalıdır ki, onlar da geri dönərək qazandıqları bilik və təcrübəni vətənin inkişafına yönəldə bilsinlər".
Rəfiqə Namazəliyeva,
AzNews.az