Yanvarın 31-də ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri Milli Məclisdə olublar.
Bu barədə Aznews.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ-la parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Azərbaycan–ABŞ münasibətlərinin tarixi, mövcud əməkdaşlıq istiqamətləri və gələcək inkişaf perspektivləri barədə fikirləri ilə bölüşüb.
Vurğulanıb ki, bu gün əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi əzmi tərəflərin birgə bəyanatlarında və atılan praktiki addımlarda öz aydın ifadəsini tapır.
Görüşdə “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu”nun əhəmiyyəti qeyd olunaraq bildirilib ki, Birləşmiş Ştatların dəstəyi ilə bu təşəbbüsün reallaşması Avrasiyanın nəqliyyat xəritəsini dəyişməklə yanaşı, daha geniş regionda əməkdaşlığın dərinləşməsinə də mühüm töhfə verəcək.
Həmçinin Azadlığa Dəstək Aktına 907-ci düzəlişin Azərbaycana münasibətdə ləğv edilməsinin əhəmiyyəti vurğulanaraq, bunun ikitərəfli münasibətlərin inkişafına, qarşılıqlı etimadın möhkəmlənməsinə və əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edəcəyi qeyd olunub.
ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin çoxluğunun peşəkar heyət üzvləri çıxış edərək son dövrlər ABŞ–Azərbaycan münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, qarşılıqlı əməkdaşlığın dərinləşdiyini və parlamentlərarası dialoqun yeni səviyyəyə çatdığını məmnunluqla vurğulayıblar. Onlar bu müsbət dinamikanın davam etdirilməsinin hər iki tərəfin maraqlarına uyğun olduğunu bildiriblər.