İlham Əliyev və xanımı yeni inzibati binanın açılışında

16 Sentyabr 2013 14:05 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrın 16-da "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mərkəzi laboratoriyasının yeni inzibati binasının açılışında iştirak etmiş, "+ 110 qərb" su anbarı ərazisində salınacaq parkın layihəsi ilə tanış olublar.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin laboratoriyalarında analizləri vahid sistemdə qeydiyyata almaq, tam əhatəli informasiya bazası yaratmaq, uzaq məsafələrdə analizlər aparmaq üçün texniki imkanları genişləndirmək məqsədilə 2011-ci ildə mərkəzi laboratoriyanın yeni inzibati binasının inşasına başlanılıb.

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən, ümumi sahəsi 1800 kvadratmetr olan yeni bina yüksək standartlara uyğun şəkildə inşa edilib.

Prezident İlham Əliyev laboratoriyanın yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov layihə əsasında görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, bina içməli və tullantı su bölmələrindən ibarətdir. Bu bölmələrin hər birində mikrobioloji və fiziki-kimyəvi analiz şöbələri yerləşir. Laboratoriyada beynəlxalq səviyyədə tanınmış şirkətlərin avadanlığı quraşdırılıb. Bu avadanlığın köməyi ilə içməli və tullantı suların fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək mümkündür.

Diqqətə çatdırılıb ki, regionun ən müasir laboratoriyasında quraşdırılan "ICP-MS" cihazı vasitəsilə insan orqanizmi üçün olduqca təhlükəli sayılan toksik xarakterli ağır və digər metallar dəqiqliklə təyin olunur.

Laboratoriyanın mikrobioloji analizlər otağında isə təhlükəli bakteriyalar təyin olunur. Tullantı suları bölməsində həm fiziki, həm də kimyəvi analizlər aparılır. Laboratoriya insan sağlamlığının və ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Burada Abşeron yarımadasını içməli su ilə təmin edən mənbələr, sutəmizləyici qurğular, su anbarları, həmçinin təhsil, səhiyyə müəssisələri və ictimai iaşə obyektləri daxil olmaqla 1800-dək ünvandan dövri olaraq, eləcə də istehlakçıların müraciətləri əsasında müəyyən olunmuş yerlərdən götürülmüş nümunələrin təhlil edilməsi nəzərdə tutulub.

Yeni laboratoriya qurularkən respublikanın regionlarında istənilən ərazidə və şəraitdə analizlərin aparılması imkanları da təmin edilib.

Bu məqsədlə səyyar laboratoriya kimi fəaliyyət göstərən iki, su nümunələrinin daşınması üçün isə dörd xüsusi təyinatlı nəqliyyat vasitəsi alınıb.

Hazırda səyyar laboratoriyalar vasitəsilə rayon mərkəzlərində və kəndlərdə su nümunələrinin analizləri aparılır.

Bildirilib ki, laboratoriyada regionlarda yaradılacaq müasir laboratoriyalar üçün kadrların hazırlanması, eləcə də kimya, biologiya və ekologiya sahələri üzrə tələbələrə təlim və təcrübə kurslarının keçirilməsi üçün də lazımi şərait yaradılıb.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "+ 110 qərb" su anbarının ərazisində salınacaq yeni parkın layihəsi ilə tanış olublar.

Dövlət başçısına salınacaq park barədə məlumat verilib. Bildirilib ki, layihələndirilən parkın sahəsi 62 min kvadratmetrə yaxındır. Bunun yarıdan çox hissəsini yaşıllıqlar təşkil edəcək. Park ərazisində müxtəlif növ ağac və dekorativ bitkilər əkiləcək. Parkda idman və gimnastika ilə məşğul olmaq üçün meydança yaradılacaq. İdman meydançasında müxtəlif trenajorlar quraşdırılacaq. Burada uşaqlar üçün əyləncə meydançası da yaradılacaq. On fəvvarənin quraşdırılacağı parkda avtomobil dayanacağı inşa olunacaq, ən müasir işıqlandırma sistemi yaradılacaqdır. Parkda gün ərzində beş min nəfərin istirahəti üçün lazımi şərait yaradılacaq.

AzNews.az