Əraqçi: ABŞ ilə gözlənilən müharibənin qarşısını almaq mümkündür

1 Fevral 2026 20:44 (UTC+04:00)

Rəsmi Tehranın fikrincə, müharibə qaçılmaz deyil və onun qarşısını almaq mümkündür.

Aznews.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi CNN telekanalına müsahibəsində bəyan edib.

İran xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, ölkəsi müharibəyə tam hazırdır, lakin bu, rəsmi Tehranın savaş istədiyi anlamına gəlmir: "Əksinə, biz müharibədən yayınmaq istəyirik".

Əraqçi bildirib ki, İran danışıqlarda ABŞ tərəfinə qaşrı etimadını itirib:

"Səbəbi aydındır. Ötən illərdə danışıqlar apardıq, hamı nüvə sazişini qeyd etdi, amma ABŞ heç bir əsas olmadan ondan çıxdı. Ötən ilə baxsaq, danışıqlara başlamağa qərar verdiyimiz vaxtda, danışıqlar gedərkən əvvəl İsrail, sonra ABŞ bizə hücum etdi. Buna görə də amerikalılarla müsbət təcrübəmiz yoxdur. Danışıqların "həqiqi" olması üçün bu etimadsızlıq aradan qaldırılmalıdır".

XİN başçısı qeyd edib ki, İran nüvə proqramı ilə bağlı danışıqlar aparmağa onun tamamilə sülh məqsədli olacağına dair təminat verməyə hazırdır.

"Biz sülh məqsədli nüvə proqramımız barədə etimad yaratmağa hazırıq və qarşılığında sanksiyaların ləğvini gözləyirik", - o bildirib.