Çin hakimiyyəti narkotik alveri və adam oğurluğu ilə məşğul olan dörd cinayətkara ölüm hökmünü icra edib.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, edam cəzası Quanqdun əyalətinin Şençjen şəhərində icra olunub. İstintaq materiallarında bildirilir ki, məhkumlar Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə — qəsdən adam öldürmə, bədən xəsarəti yetirmə, dələduzluq, qeyri-qanuni qumarın təşkili və fahişəlik yuvalarının yaradılması kimi ağır cinayətlərdə təqsirli biliniblər.
İstintaqın nəticələrinə əsasən, cinayətkarlar iri miqyaslı qanunsuz əməliyyatlarla, o cümlədən Myanmadakı cinayət şəbəkələri ilə əlaqəli olublar. Onların iştirak etdiyi maliyyə fırıldaqları nəticəsində qanunsuz dövriyyənin həcmi 29 milyard yuanı (təxminən 4,2 milyard ABŞ dolları) keçib.
Eyni zamanda müəyyən edilib ki, sözügedən şəxslər təxminən 11 ton metamfetaminin istehsalı və satışı ilə də əlaqəli olublar.
Mövsüm,
AzNews.az