Son 14 ildə Azərbaycanda uşaqlar arasında onkoloji xəstələrin sayı iki dəfə artıb.
AzNews.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bugünkü plenar iclasında deyib.
O qeyd edib ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, 2000-ci ildə tibb müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayı 21 min 88 nəfər idisə, 2024-cü ildə həmin göstərici 73 min 875 olub:
"Göründüyü kimi 24 il ərzində xəstələrin sayı təxminən 3,5 dəfə artıb. Ən narahatedici məqam isə uşaqlar arasında onkoloji xəstəliklərin çoxalmasıdır. 0-13 yaş qrupu üzrə hər 100 min nəfərə 7,1, 14-17 yaş qrupu üzrə isə hər 100 min nəfərə 10, 6 uşaq bu xəstəlikdən əziyyət çəkir. Cəmi bir mərkəzin olması fiziki olaraq bu qədər xəstəyə keyfiyyətlə xidmət göstərməkdə çətinlik çəkir. Özəl klinikaların onkoloji xəstələri müalicə etməsi xəstə yükünün paylanması deməkdir. Növbələr azalacaq, insanlar üçün müalicə əlçatan olacaq. Həm də bu sahədə tibbi resursların artmasına səbəb olacaq".
Komitə sədri vurğulayıb ki, dəyişiklik onkoloji xidmətlərin gələcəkdə sığorta zərfinə daxil edilməsi üçün də mühüm hüquqi baza ola bilər:
"Lakin həmin özəl klinikaların müasir cihazlarla təmin olunmasına, ixtisaslı kadrların hazırlanmasına ehtiyac yaranır. Bu məsələyə də xüsusi diqqət verilməlidir".