Gənclər Günü ərəfəsində "Azercell Telecom" MMC-nin dəstəyi ilə informatika üzrə beynəlxalq olimpiadalara hazırlaşan Azərbaycan milli komandasının üzvləri şirkətin qonağı olub.
Aznews.az xəbər verir ki, Görüş gənc istedadların beynəlxalq arenada əldə etdikləri nailiyyətləri, eləcə də bu uğurların arxasında dayanan uzunmüddətli və sistemli əməkdaşlıq modelini ön plana çıxarıb.
Tədbirdə "Azercell Telecom"un Korporativ və Marketinq Ünsiyyət Vasitələri Departamentinin direktoru Sona Abbasova, şirkətin nümayəndələri, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, eləcə də milli yığmanın müəllimləri iştirak ediblər.
"Azercell Telecom" və Təhsil İnstitutu arasında informatika üzrə milli yığmanın hazırlanması istiqamətində əməkdaşlıq 2017-ci ildən həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində şagirdlər üçün əlavə hazırlıq dərsləri təşkil olunur, beynəlxalq olimpiadalara sistemli hazırlıq prosesi dəstəklənir, eləcə də gənclərin proqramlaşdırma və İT sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verilir. Hazırda proqram çərçivəsində illik olaraq 90 şagird əlavə hazırlıq prosesinə cəlb olunur.
Bu müddətdə milli yığmanın üzvləri informatika üzrə nüfuzlu beynəlxalq və regional olimpiadalarda uğurla çıxış edərək 6 qızıl, 33 gümüş və 65 bürünc olmaqla ümumilikdə 104 medal qazanıblar.
S.Abbasova bildirib: "Şirkətimiz istedadlı gənclərin inkişafına, İT və proqramlaşdırma istiqamətlərində bilikyönümlü və ixtisaslı insan kapitalının formalaşmasına xüsusi diqqət yetirir. Sizin beynəlxalq olimpiadalarda əldə etdiyiniz nəticələr bizi həm qürurlandırır, həm də bu təşəbbüsün əhəmiyyətini bir daha gündəmə gətirir. İnanıram ki, bu gün dəstək göstərdiyimiz gənclər sabah ölkənin texnoloji inkişafına töhfə verən peşəkar kadrlara çevriləcəklər".
F.Qarayev də bu tərəfdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib: "Azercell Telecom"un dəstəyi sayəsində informatika üzrə milli komandanın üzvləri beynəlxalq yarışlara daha sistemli və peşəkar şəkildə hazırlanır. Şagirdlər üçün əlavə hazırlıq dərslərinin təşkili, məqsədyönlü hazırlıq proqramlarının həyata keçirilməsi və xüsusi tədris mühitinin yaradılması gənclərin potensialının üzə çıxarılmasına şərait yaradır. Bu cür kompleks yanaşma onların beynəlxalq olimpiadalarda göstərdikləri nəticələrə birbaşa təsir göstərir və eyni zamanda, ölkədə yeni nəsil İT və İKT mütəxəssislərinin formalaşmasına töhfə verir".
Tədbirin sonunda informatika üzrə beynəlxalq olimpiadaların medalçıları sertifikatlar və hədiyyələrlə təltif olunublar.