"Amerikada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, ABŞ rəhbərliyi ölkənin strateji maraqlarını qorumağa və bu strategiyanı doğuran problemləri aradan qaldırmağa çalışır. Bu gün Donald Trampın apardığı xarici siyasət istər Yaxın Şərqdə, istərsə də dünyanın digər bölgələrində olsun, ABŞ-nin ümumi strateji planının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Xüsusilə Yaxın Şərqdə İran üzərində fokuslanan siyasət məhz bu strateji xəttin əsas elementlərindən biridir. ABŞ İran üzərindən üçüncü istiqamətdə siyasətini təkbaşına həyata keçirmək niyyətindədir. Yəni məqsəd İranda hakimiyyəti dəyişmək, ABŞ-a loyal bir siyasi idarəetmə formalaşdırmaq və bundan üçüncü istiqamətdə istifadə etməkdir. Bu istiqamətlərdən biri Çinin enerji mənbələrini zəiflətməkdir. Çünki İran neftinin əsas hissəsi Çinə ixrac olunur. Digər tərəfdən, Rusiyanın cənub cinahını bağlamaq, İran üzərindən İran körfəzinə və oradan Hind okeanına çıxış imkanlarını məhdudlaşdırmaq hədəflənir. Eyni zamanda, Türkiyənin regional gücdən qlobal gücə çevrilməsi prosesinə də bu kontekstdə baxmaq lazımdır".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Xatırladaq ki, ABŞ-nin son aylarda Yaxın Şərqdə hərbi-siyasi fəallığını artırması, xüsusilə də hərbi gəmiləri Fars körfəzinə yaxınlaşdırması regionda gərginliyi əhəmiyyətli dərəcədə yüksəldib. Vaşinqtonun bu addımları təkcə İran üzərində təzyiq mexanizmi kimi deyil, eyni zamanda qlobal güc balansında mövqeyini qorumaq cəhdi kimi də qiymətləndirilir.
Siyasi şərhçi bildirib ki, ümumilikdə ABŞ-nin strategiyası dünyada təkqütblü sistem formalaşdırmaq və bu sistemə rəhbərlik etməkdir.
"Trampın apardığı aqressiv siyasət də məhz bu məqsədə hesablanıb. O, nə beynəlxalq hüquq normalarına əməl edir, nə də müttəfiqlərinin maraqlarını nəzərə alır. Prinsip aydındır: dünya ABŞ-nin maraqlarına uyğun davranmalıdır. Bu xüsusilə İran məsələsində açıq şəkildə özünü göstərir. ABŞ İranda hakimiyyəti dəyişmək və özünə uyğun bir hakimiyyət qurmaq niyyətini gizlətmir və bunu müxtəlif bəhanələrlə həyata keçirməyə çalışır. Vaşinqton yalan üzərində “həqiqət” formalaşdırmağı bacarır. Çünki onun əlində kifayət qədər güclü media resursları var və dünya ictimai rəyini yönləndirmək imkanlarından maksimum istifadə edir. Ukrayna, Venesuela və Fələstinlə bağlı siyasət də buna bariz nümunədir. İranın özünəməxsus müttəfiqləri mövcuddur. ABŞ üçün təhlükə yaradan üç əsas güc mərkəzi var: Çin – iqtisadi gücünə görə, Rusiya – hərbi gücünə görə və Avropa İttifaqı – maliyyə gücünə görə. İran məsələsində ABŞ əsasən Çin və Rusiyanı hədəfə alır. Məqsəd Çini zəiflətmək, ona gedən enerji yollarını kəsməkdir. Bu baxımdan da İranda hakimiyyət dəyişikliyi ABŞ üçün strateji əhəmiyyət daşıyır. Çin və Rusiya yaxşı anlayır ki, ABŞ-nin hədəfi İranda hakimiyyəti dəyişərək bu ölkəni öz maraqları istiqamətində istifadə etməkdir. Trampın son dövrlər İrana açıq hədələri fonunda İranın müttəfiqlərinin aktivləşməsi də təsadüfi deyil. Kütləvi informasiya vasitələrində İran körfəzində Çin, Rusiya və İranın birgə dəniz təlimləri keçirməsi ilə bağlı məlumatlar yayıldı. Bu təlimlər təxirə salınsa da, əslində bu, bir güc nümayişi və siyasi mesaj idi: İran tək deyil. Eyni zamanda mediada Çindən İrana hərbi təyyarələrin uçuşu və böyük həcmdə hərbi texnikanın verilməsi ilə bağlı məlumatlar yayıldı. Bəzi ekspertlərə görə, bu silahlar F-35-lərə qarşı elektron mübarizə vasitələridir. ABŞ da yaxşı anlayır ki, bu prosesdə İranı tam tək qoymaq mümkün olmayacaq. ABŞ prezidenti bir tərəfdən danışıqlar mövzusunu gündəmdə saxlayır, digər tərəfdən isə hərbi gəmilərini bölgəyə göndərərək təzyiq göstərir. İran tərəfi də açıq şəkildə dialoqa hazır olduğunu bəyan edir və uranın zənginləşdirilməsi ilə bağlı ABŞ-la danışıqlara başlamaq niyyətini açıqlayıb. Lakin ABŞ uranın zənginləşdirilməsini bəhanə edərək İranda hakimiyyət dəyişikliyini reallaşdırmağa çalışır. ABŞ-nin Venesuela, Kuba və digər regionlarda apardığı siyasət də bunu sübut edir. Məqsəd təkqütblü dünya yaratmaq və ABŞ-nin vahid güc kimi mövqeyini möhkəmləndirməkdir. Hazırda İran ətrafında hərbi gəmilərin yerləşdirilməsi də əslində İranın və onun müttəfiqlərinin reaksiyasını ölçmək cəhdidir. ABŞ-nin İranın strateji obyektlərini vurmaq üçün kifayət qədər hərbi potensialı olsa da, bu yolla hakimiyyət dəyişikliyinə nail olmaq mümkün deyil. Bunu 12 günlük hərbi əməliyyatlar zamanı da gördük. Strateji obyektlər vurulsa da, hakimiyyət dəyişikliyi baş vermədi. Bu gün də ABŞ İran körfəzinə hərbi qüvvələr göndərməklə Çin və Rusiyanın reaksiyasını yoxlayır. Birgə təlimlərlə verilən mesaj aydındır: İran tək qalmayacaq. Ümumilikdə Tramp ikiüzlü siyasət yürüdür, həm təzyiq edir, həm də dialoqdan danışır. Əgər ABŞ görsə ki, İranın müttəfiqləri onu tək buraxmayacaq, o zaman hərbi planları kənara qoyub danışıqları ön plana çıxaracaq və Tramp özünü “sülh tərəfdarı” kimi təqdim edəcək. Əks halda, hərbi ssenari yenidən gündəmə gələ bilər. Lakin genişmiqyaslı müharibə başlasa belə, quru əməliyyatı olmadan ABŞ məqsədinə çata bilməyəcək. Əksinə, bu, İran cəmiyyətində anti-Amerika əhval-ruhiyyəsini daha da gücləndirə və ölkə daxilində birliyi artıra bilər ki, bu da ABŞ üçün ciddi problemə çevrilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az