Musəvi yenidən gündəmə gəlib

2 Fevral 2026 17:37 (UTC+04:00)

Mirhüseyn Musəvi yenidən gündəmə gəlib və onun son açıqlaması son illərdə İranda səslənən ən səs-küylü siyasi bəyanatlardan biri olub. İslam Respublikasının sabiq baş naziri, 2009-cu ilin “Yaşıl hərəkatı”nın ideoloqlarından biri, artıq on beş ildir ev dustaqlığında saxlanılan Musəvi, ölkədə ümummilli referendumun keçirilməsinə və “xarici müdaxilə olmadan hakimiyyətin dinc yolla dəyişdirilməsinə” çağırıb.

İran “Yaşıl hərəkatı”nın liderlərindən biri olan Mirhüseyn Musəvi, ölkədə etirazçılara qarşı zorakılığın tətbiqini “xalqın əleyhinə yönəlmiş böyük xəyanət və cinayət” adlandırıb.

O, ölkədə təcili referendum keçirilməsinə və hökumətin xarici müdaxilə olmadan dəyişdirilməsinə çağırıb:
“Xalq bu sistemi istədiyini necə deyə bilər? Bəsdir. Oyun bitdi. Siz ölkəni bürüyən böhranlardan çıxış yolu tapmısınızmı? Bu millətin başqa çıxış yolu yoxdur – o, nəticə əldə olunana qədər yenidən ayağa qalxacaq”, – deyə Musəvi vurğulayıb.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları gec-tez xalqı repressiyadan imtina edəcək. Musəvi hakimiyyəti silahı yerə qoymağa və kənara çəkilməyə çağırıb: “Bütün maraqları birləşdirən konstitusiya referendumu üç əsas prinsipə əsaslanmalıdır: xarici müdaxilənin olmaması, daxili tiraniyadan imtina və dinc demokratik keçidin təmin edilməsi”.

… Mirhüseyn Musəvi İranın ilk baş nazirlərindən biridir. Etik azərbaycanlı olan Musəvi islahatçı düşərgənin tanınmış siması kimi qəbul edilir. O, 2009-cu il prezident seçkilərindən sonra etirazların önünə keçərək “Yaşıl hərəkat” adlanan kütləvi hərəkata rəhbərlik etmişdi. Musəvi, İranın ali liderin səlahiyyətlərinin bir hissəsinin prezidentə ötürülməsini təklif edən başlıca siyasətçilərdən biri idi. 2009-cu ildən bəri o və həyat yoldaşı Zahra Rəhnavard ev dustaqlığındadır.

Musəvinin bu bəyanatı təsadüfi deyil – o, ölkədə dərinləşən daxili böhran, iqtisadi çətinliklər və artan ictimai narazılıq fonunda səslənib. İran Mərkəzi Bankının 2026-cı il hesabatına əsasən, inflyasiya 49,7%-ə, işsizlik 19,3%-ə çatıb, yoxsulluq səviyyəsi isə əhalinin 45%-dən çoxunu əhatə edir. Ölkədəki vəziyyət 2009 və 2019-cu illərdəki kütləvi etirazlardan əvvəlki dövrləri xatırladır.

Təbriz mənşəli etnik azərbaycanlı Musəvi on ildən artıq susqunluqdan sonra ilk dəfə ictimaiyyətə müraciət edib. Onun bəyanatı islahatçılara yaxın kanallar vasitəsilə yayılıb. O, hakimiyyəti etirazçılara qarşı güc tətbiqinə görə kəskin ittiham edib və bunu “xalqın əleyhinə törədilmiş ən böyük cinayət” adlandırıb. Musəvinin “bu sistemin artıq çıxış yolu yoxdur” və “oyun bitdi” sözləri İranda rezonans doğurub.

Bu çağırış təkcə hökumətə deyil, həm də İslam Respublikasının ideoloji təməl prinsiplərinə meydan oxumaq kimi dəyərləndirilir. Əslində, Musəvi 1979-cu ildən bəri ilk dəfə olaraq konstitusiya referendumu ideyasını irəli sürür – bu isə ölkənin siyasi sisteminin köklü şəkildə dəyişdirilməsi deməkdir. Onun “dinc demokratik keçid” barədə fikirləri İranda ali lider institutunun legitimliyini açıq şəkildə sual altına alır.

Tarixən Musəvi sistemin içindən çıxmış şəxs olub. O, 1981–1989-cu illərdə, İran-İraq müharibəsinin ən ağır illərində baş nazir vəzifəsini icra edib. Məhz onun dövründə sənaye səfərbərliyi, neft sektorunun milliləşdirilməsi və indiki dövlət aparatının formalaşması baş vermişdi. 2009-cu ildə isə o, uzun fasilədən sonra siyasətə qayıdaraq prezident seçkilərində namizəd olmuş, lakin rəsmi nəticələrə görə Mahmud Əhmədinejada uduzmuşdu. Lakin milyonlarla iranlı seçkilərin saxtalaşdırıldığına inanaraq küçələrə çıxmış, “Yaşıl hərəkat” yaranmışdı.

Hakimiyyət sərt cavab verdi — Amnesty International məlumatına görə, etirazların yatırılması zamanı 80–120 nəfər həlak olub, minlərlə insan həbs edilmişdi. 2011-ci ildən bəri Musəvi və həyat yoldaşı tam informasiya blokadasında saxlanılır.

Bu gün Musəvinin bəyanatı islahatçı düşərgənin siyasi səhnəyə dönüşünün simvoluna çevrilib. Onun “gücü xalqa qarşı yönəltməyin artıq davam edə bilməyəcəyi” barədə sözləri ölkə daxilində hakim elita arasında fikir ayrılıqlarının dərinləşdiyini göstərir. Tehran mənbələri bildirir ki, “Bəsic” və İslam İnqilabı Keşikçiləri Korpusunun aşağı rütbəli zabitləri arasında da xalqla üz-üzə gəlməkdən narazılıq artır.

İran parlamentinin Strateji Araşdırmalar Mərkəzinin məlumatına görə, 2025-ci ilin sentyabrından etibarən küçə toqquşmaları və etiraz hadisələrinin sayı 240% artıb. Xüsusilə Xuzistan, Sistan və Bəlucistan vilayətlərində etirazlar daha aktivləşib — bu bölgələrdə işsizlik 30%-i keçib, su və elektrik təchizatı isə qeyri-sabitdir.
Dövlət mediası hələlik Musəvinin adını açıq çəkmir, lakin onun müraciəti İranın sosial şəbəkələrində və bloklanmış messencerlərdə geniş yayılıb. Senzuraya baxmayaraq, bəyanatın yazılı və audio variantları reformistlərə məxsus Telegram kanalları vasitəsilə yayılmağa davam edir.

Tehran mənbələrinin məlumatına görə, təhlükəsizlik strukturları yüksək hazırlıq vəziyyətinə gətirilib. İttilaat Universitetlər və tələbə birlikləri üzərində nəzarəti gücləndirib — çünki məhz onlar ənənəvi olaraq müxalifətin əsas dayağı sayılır. Bununla yanaşı, elita daxilində “yumşaq siyasi açılım” tərəfdarlarının səsi getdikcə daha çox eşidilir. Bəzi keçmiş diplomatlar və hətta Qum ruhani çevrələrinin nümayəndələri Musəvinin çağırışını “daxildən partlayışın qarşısını almaq cəhdi” kimi dəyərləndirirlər.

Yaxın Şərqdə fəaliyyət göstərən Al-Monitor mərkəzinin təhlilinə görə, Musəvinin son bəyanatı ölkədə yeni etiraz dalğasının katalizatoruna çevrilə bilər – xüsusilə də iqtisadi vəziyyət daha da pisləşərsə. O, təklif etdiyi referendumun yaxın perspektivdə reallaşması çətin görünür, lakin “xarici müdaxilə olmadan hakimiyyət dəyişikliyi” ideyası İranda inqilabi səslənir.

Musəvi hələ də islahatların simvolu və İslam Respublikasının dinc transformasiyasına ümid bəsləyənlər üçün son şans kimi qalır. Onun taleyi müasir İran siyasətinin faciəvi formulunu xatırladır: hətta ev dustaqlığında olsa belə, o, milyonlarla insanın düşüncəsinə təsir göstərə bilir – bu isə onu hakimiyyət üçün azadlıqda olan bir çox siyasətçidən qat-qat təhlükəli edir.

Elçin ALIOĞLU