“ABŞ-nin diqqətinin yayılması Rusiya üçün üstünlük yaradır” – Həşim Səhrablı

2 Fevral 2026 18:51 (UTC+04:00)

"Hazırda ABŞ-nin xarici siyasətində problemlərin artması, xüsusilə İran kimi regional güclə qarşıdurmaya cəlb olunması ilk növbədə Rusiyanın maraqlarına uyğundur. Bunun səbəbi aydındır: reallıq ondan ibarətdir ki, Ukraynaya maddi-texniki baxımdan həlledici dəstək verə bilən yeganə güc məhz ABŞ-dır. Doğrudur, Tramp administrasiyası dövründə bu dəstək azaldılıb, ABŞ-nin xarici siyasətində müəyyən dəyişikliklər edilib və Bayden dövründəki kimi Ukraynaya genişmiqyaslı yardım göstərilmir. Ancaq heç kim dəqiq proqnozlaşdıra bilməz ki, Trampdan sonra hakimiyyətə kim gələcək və onun xarici siyasət kursu necə olacaq. Məhz buna görə də ABŞ-nin diqqətinin və resurslarının başqa istiqamətlərə yönəlməsi Rusiya üçün daha əlverişlidir. Düşünmürəm ki, Rusiya ABŞ-nin İrana mümkün hücumunun qarşısını almaq üçün xüsusi cəhd göstərsin".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Xatırladaq ki, son vaxtlar Rusiyanın Ukraynaya qarşı hücumları əhəmiyyətli dərəcədə intensivləşib. Analitiklər bildirirlər ki, bu hərbi fəallıq ABŞ-nin İranı hədəf alma ehtimalı fonunda baş verə bilər. Belə bir kontekstdə Moskvanın hərəkətləri regiondakı güc balansını öz xeyrinə dəyişdirməyə, həmçinin ABŞ-nin diqqətini digər sahələrə yönəltməyə hesablanmış strategiya kimi qiymətləndirilir.

Siyasi şərhçi qeyd edib ki, Moskva maraqlıdır ki, onun əsas rəqiblərindən biri, yəni İran kimi güclü dövlət, münaqişəyə cəlb olunsun və bu qarşıdurma ABŞ-nin ciddi maddi-texniki resurslar sərf etməsinə səbəb olsun.

"Bu isə o deməkdir ki, ABŞ-nin diqqəti Yaxın Şərqə və Latın Amerikasına yönəldiyi halda, Avropa dövlətlərinin Ukraynada Rusiyaya qarşı status-kvonu dəyişmək imkanları xeyli məhdudlaşır. Belə əlverişli şəraitdə Rusiya çalışır ki, öz hərbi əməliyyatlarının intensivliyini artırsın və maksimal nəticə əldə etsin. Nəticə etibarilə Moskvanın məqsədi Ukrayna hakimiyyətini elə bir vəziyyət qarşısında qoymaqdır ki, Kiyev mübarizənin mənasız olduğunu qəbul etsin, müqavimətdən əl çəksin və Rusiyanın diktə etdiyi şərtlərlə razılaşmağa məcbur qalsın".

Rəfiqə Namazəliyeva,

AzNews.az