“ABŞ vitse-prezidentinin səfəri regiona xüsusi diqqətin göstəricisidir” – Əli Mustafayev

2 Fevral 2026 21:27 (UTC+04:00)

"ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensinin Azərbaycana və Ermənistana səfəri region üçün əhəmiyyətli bir hadisə hesab olunur. Bu səfər, Amerikanın ikinci şəxsinin regiondakı proseslərə olan xüsusi diqqətinin, eyni zamanda ABŞ-nin regiona münasibətinin göstəricisidir. Səfərin əsas məqsədi TRİPP dəhlizinin açılması ilə bağlı lazım olan tədbirlərin görülməsidir. Eyni zamanda, səfər çərçivəsində ABŞ-Azərbaycan arasında strateji tərəfdaşlıq sazişlərinin imzalanması gözlənilir. Ermənistanla da yüksək texnologiya və dinc sahədə əməkdaşlığa dair sazişlərin imzalanması ehtimal olunur".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafayev deyib.

Qeyd edək ki, ABŞ nümayəndələrinin Cənubi Qafqaza səfərləri regionda diqqət mərkəzindədir. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensinin fevralın 9-da Ermənistana gözlənilən səfərinin əsas gündəmi TRIPP/Zəngəzur dəhlizi layihəsinin işə salınmasıdır. Ermənistanın “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan bildirib ki, layihənin icrası üçün məsul şirkətin yaradılması, idarəetmə və nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi, maliyyələşmə və təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır. Səfər çərçivəsində həmçinin ABŞ ilə Ermənistan arasında dinc nüvə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələlərinin də gündəmə gələcəyi gözlənilir.

Siyasi şərhçi qeyd edib ki, bu əməkdaşlıq həm Azərbaycanın, həm də Ermənistanın ABŞ ilə münasibətlərini gücləndirir və onların nüfuzunu artırır.

"Təhlükəsizlik baxımından isə Amerika bir növ himayə və təhlükəsizlik çətiri rolunu təmin edir ki, bu da regionda İran və Rusiyanın təsir imkanlarını məhdudlaşdırır. Səfərin diqqət çəkən istiqamətlərindən biri də yüksək texnologiyalar sahəsində ABŞ-nin Ermənistan və Azərbaycanın iqtisadi və hərbi əməkdaşlığa sərmayə qoymasıdır. Bu, dünyada gələcəyin yüksək texnologiyalar üzərində formalaşacağını nəzərə alaraq strateji əhəmiyyət kəsb edir. Azərbaycanla bağlı ticari və hərbi sahədə, zirehli geyimlər, digər silah sistemləri və texnologiyalarla bağlı sazişlərin imzalanması da gözlənilir. Bu sahədə əlaqələrin inkişafı Azərbaycan üçün vacibdir və yüksək texnologiyaların ölkəyə gətirilməsi strateji üstünlük təmin edə bilər. Ümumilikdə, səfər həm Azərbaycan, həm də Ermənistan üçün faydalıdır. Xüsusilə TRİPP dəhlizinin açılmasını sürətləndirən bu səfər Şərq-Qərb dəhlizinin işə düşməsini tezləşdirir və regionun iqtisadi rifahı və təhlükəsizlik məsələlərini daha yüksək səviyyəyə qaldırır. Eyni zamanda, bu, regionda digər güclərin təsir imkanlarını balanslaşdırmaq üçün də mühüm addımdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az