Norveçdə polis vəliəhd şahzadə Mette-Maritin oğlu, 29 yaşlı Marius Borg Hoibi-ni zorakılıq, bıçaqla hədələmə və məhkəmənin çıxardığı uzaqlaşdırma qərarını pozma şübhəsi ilə saxlayıb. Oslo Polisi Hoibinin bazar günü axşam saatlarında gözaltına alındığını təsdiqləyib.
Polisin yaydığı açıqlamada bildirilib ki, Hoibiyə qarşı “bədənə xəsarət yetirmə, bıçaqla hədələmə və uzaqlaşdırma qərarının pozulması” maddələri üzrə şübhələr mövcuddur. Eyni zamanda, onun “yenidən cinayət törətmə riski” əsas gətirilərək 4 həftə müddətinə həbsdə saxlanılması istənilib.
Qeyd edək ki, Marius Borg Hoibi vəliəhd şahzadə Mette-Maritin Vəliəhd Şahzadə Haakon ilə evliliyindən əvvəlki münasibətindən dünyaya gəlib və Norveç taxtının varisi deyil.
38 ağır ittiham üzrə məhkəmə başlayır
Hoibi barəsində sabah Oslo Rayon Məhkəməsində genişmiqyaslı məhkəmə prosesi başlayacaq. O, aralarında dörd qadına təcavüz, fiziki zorakılıq və keçmiş sevgililərinə hücumun da olduğu ümumilikdə 38 cinayət maddəsi üzrə ittiham olunur. O, daha əvvəl bəzi xırda ittihamları qismən qəbul etsə də, ağır cinayət iddialarını rədd edib. Keçmiş sevgililərinin şikayəti əsasında Høiby barəsində bir neçə uzaqlaşdırma qərarı çıxarılıb. Norveç Kral ailəsini ciddi şəkildə sarsıdan bu məhkəmə prosesinin 19 mart tarixinədək davam edəcəyi bildirilir. Hoibi təqsirli bilinərsə, 16 ilədək azadlıqdan məhrum edilə bilər.
Epstein sənədləri fonunda baş verən saxlanılma
Hoibinin saxlanılması vəliəhd Şahzadə Mette-Marit’in adının ABŞ Ədliyyə Nazirliyinin son açıqladığı Ceffri Epstein sənədlərində yer almasının yaratdığı ciddi ictimai rezonansdan dərhal sonra baş verib.
Sənədlərdə Mette-Maritin cinsi istismar cinayətlərinə görə tanınan Ceffri Epstein ilə yazışmalarının olduğu, onun haqqında “çox cazibədar”, “yumşaq qəlbli” və “çox şirin biri” kimi ifadələr işlətdiyi iddia edilir. Bu məlumat Norveç cəmiyyətində böyük təəccüb və narazılıq doğurub.
Vəliəhd şahzadə Mette-Marit şənbə günü verdiyi açıqlamada Epstein ilə hər hansı təmasının olmasından dərin peşmanlıq duyduğunu bildirib və bunu “son dərəcə utancverici” adlandırıb. O, eyni zamanda Epstein qurbanlarına dərin simpatiya bəslədiyini və onlarla həmrəy olduğunu vurğulayıb.
Məlumata görə, Mette-Marit 2013-cü ildə Epsteinin Florida ştatındakı evində onun şəhərdən kənarda olduğu bir vaxtda dörd gün qalıb. Norveç Sarayı isə açıqlamasında vəliəhd şahzadənin Epstein ilə yazılı əlaqəsini 2014-cü ildə tamamilə kəsdiyini bildirib.
Hadisələr Norveç Kral ailəsi ətrafında son illərin ən ciddi böhranı kimi qiymətləndirilir və ölkə mediasının diqqət mərkəzindədir.
AzNews.az