“Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanmış cinayət işi üzrə ittiham olunan Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəməsinin növbəti prosesi keçirilib.
Aznews.az xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Azər Cümşüdov ona ünvanlanan sualları cavablanıdırıb.
Dövlət ittihamçısının suallarını cavablandıran A.Cümşüdov bildirib ki, həmin ərazidə mayın 14-də çökmə baş verib: "Bədbəxt hadisənin baş verdiyi ərazidə mayın 14-də çökmə olub. Mən həmin vaxt təqribən 1 kilometr uzaqlıqda çalışırdım. Operativ idarəetmə mərkəzindən bizə çökmə ilə bağlı məlumat verildi. Biz də ərazini qanuna uyğun olaraq lentləyib, müvafiq xəbərdaredici nişanlar qoyduq. İyunun 4-də rəhbərlikdən dedilər ki, o ərazidən çıxın, daha sizin orada işiniz qalmayıb. "Baksol yolu"nda çöküntü olduğu kimi qaldı. İyunun 26-da bu hadisə baş verdi. İyunun 30-da isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidməti məlumat yayıb və hadisənin səbəbini geniş açıqlayıb".
Dövlət ittihamçısı hadisə ilə bağlı videoda qırılmış lentlərdən başqa heç nə olmadığını və ora kiminsə dikt taxta tökdüyünü deyib. O, təqsirləndirilən şəxsdən bununla bağlı məlumatı olub-olmadığını soruşub.
Azər Cümşüdov bunun sahibkarlar tərəfindən edildildiyini bildirib: "Biz həmin ərazini lentlədikdən sonra sahibkarları xəbərdar etdik. Onlar isə xəbərdarlığa məhəl qoymayaraq işarələri sökdü. Ərazinin üzərinə kosmetik dikt taxta töküblər və hətta təmir materialları qoyublar. Yol da ağırlığa dayanmayıb, çöküb".
O, əlavə edib ki, nişanların yığışdırılmasına nəzarət istismar sahəsinin vəzifəsi olub.
Dövlət ittihamçısı ondan gələn proses həmin nişanlanma aparılması ilə bağlı şəkilləri məhkəməyə təqdim etməsini istəyib.
Prosesin davamında zərərçəkən tərəfin vəkilinin suallarına cavablandıran Azər Cümşüdov deyib ki, çökmə ilə bağlı rəhbərliyi dəfələrlə xəbərdar edib: "Dəfələrlə rəy vermişəm ki, həmin ərazi qəzalı vəziyyətdədir, materiallar sovet dövründən, 1986-cı ildən qalıb, yenilənməlidir. Hətta ona yaxın ərazidə daha öncə çökmə də olub, təmir etmişik. Hissə-hissə təmir işləri aparırdıq. O ərazi ilə bağlı danışanda dedilər ki, material yoxdur".
Zərərçəkən Cümşüd Cümşüdlünün anası məhkəmədə deyib ki, o, şikayətini geri götürməsi ilə bağlı öz qaynı tərəfindən təhdid olunur: "Mənim qaynım Vidadi Abbasov da "Azərsu"da rəhbər vəzifədə işləyir. O, hətta oğlum dəfn olunandan sonra orada çalışan dostlarını çağırıb Novxanıda yeyib-içib əyləniblər. Oğluma guya 3 mərasimi veriblər, özləri iştirak edib, lakin mən iştirak etmədim, oğlumun məzarının başında qaldım. Onun atası polkovnik olub. Dörd il öncə vəfat edib. Əziyyətlə böyütdüyüm oğluma görə heç kim mənə başsağlığı vermədi. Bir ana kimi məni saymadılar. Hətta qaynımın oğlu məni təhdid elədi ki, şikayətimi geri çəkim. Bacım mətbuata açıqlama verdi deyə, məni təhqir etdilər ki, niyə ictimailəşdirmisən? Su Kanal İdarəsində çalışan İntiqam adlı şəxs də mənə dedi ki, boşuna əziyyət çəkirsən. Onsuz da yazığın birini tutacaqlar. Gəl, şikayət etmə, sənə köməklik edək. Onların qaynımla əlbir olduqlarını düşünürəm. Mən şikayətçiyəm. Heç kim məni ziyarət etməyib, qəbir daşına belə kömək etməyiblər".
Azər Cümşüdov bildirib ki, məsuliyyətə cəlb olunmağından prosesin ən sonunda xəbəri olub: "Məni prokurorluğa lap axırda çağırdılar. Dedilər ki, şahid qismində ifadə verəcəksən. Bir gün qalmış isə ittiham verdilər. Mənim günahım yoxdur. Əgər azacıq da olsa, təqsirliyəmsə, cəzamın 10 qatını çəkməyə razıyam".
Azər Cümşüdovun vəkili Anar Ramazanov bildirib ki, rəislərin və digər şəxslərin məhkəmədə dindirilməsi üçün vəsatət verəcək.
Növbəti proses fevralın 17-nə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, 2025-ci il iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
Aznews.az