Rezidenturada 24 plan yeri boş qaldı

16 Sentyabr 2013 15:17 (UTC+04:00)
2013/2014-cü tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya keçirilmiş müsabiqənin nəticələrinə əsasən, 24 plan yeri boş qalıb.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya keçirilmiş müsabiqənin nəticələri açıqlanıb. İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən namizədlərdən 504 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 431 nəfər Azərbaycan bölməsinin, 73 nəfər isə rus bölməsinin namizədidir.

Bu il rezidenturaya qəbul olmaq istəyənlər üçün 528 plan yeri ayrılıb.
Rezidenturanın mülki ixtisaslarına qəbul olmuş şəxslər tələb olunan sənədləri sentyabrın 17-dən sentyabrın 23-dək Azərbaycan Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Hərbi tibb fakültəsinin rezidenturasına qəbul olanlar göstərilən müddətdə Azərbaycan Müdafiə Nazirliyində, Naxçıvan Dövlət Universitetinin rezidenturasına qəbul olanlar isə həmin müddətdə universitetin tibb fakültəsində qeydiyyatdan keçməlidirlər.

Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri müvafiq nazirliklərə göndərilməyəcək.

AzNews.az