Dövlət ağlı, yoxsa sosial şəbəkə isterikası?

3 Fevral 2026 15:38 (UTC+04:00)

Çox təəssüflər olsun ki, bu gün Azərbaycanın milli strateji maraqları ilə informasiya kirliliyi bizim media məkanımızda üz-üzə dayanıb. Qısa desək, milli maraqlarımızla bağlı konseptual mövqelər süni yaradılan hay-küy içində "boğulur".

Bu gün Azərbaycanın milli strateji maraqlar kifayət qədər aydındır və obyektiv reallığa söykənir:

- Suverenliyin tam təmin edilməsi və post-münaqişə dövrünün idarə olunması
- Regional liderlik (Qafqazda enerji, nəqliyyat və təhlükəsizlik oxu)
- Yeni dünya nizamında Yaxın və Orta Şərqin həlledici gücünə çevrilmək.

Bunlar dövlət siyasətində mövcuddur və real addımlarla müşayiət olunur. Lakin informasiya kirliliyi yaradanların gündəmindəki plintusdan aşağı səviyyəli mövzular qarşısında AZƏRBAYCAN MƏFKURƏSİnin yenilənən paradiqmaları cəmi bir neçə imzanın entuzazmı hesabına aktuallaşır.

Müşahidələrimə görə, informasiya kirliliyi əsasən üç mənbədən qidalanır:

1. Pafos ifratçılığı: cəmiyyət bilərəkdən yanlış hədəflərə yönləndirilir və bu işdə bəzi youtub kanalları xüsusi aktivlik edir.
2. Xarici mərkəzlərin narrativləri: Azərbaycanın yox, donor və xarici xüsusi xidmət orqanlarının təlimatları əsas götürülür.
3. Daxili intellektual məsuliyyətsizlik: analitika əvəzinə məişət mövzuları, "qırdı-qaçdı" xəbərlər önə çıxarılır.

Azərbaycanda baş redaktor olmağın heç bir intellektual məsuliyyəti yoxdur və bu, ictimai münasibətlər sisteminə ağır zərbələr vurur.

Bəs, əsl qarşıdurma haradadır?

Əsl qarşıdurma milli dövlət ağlı ilə sosial şəbəkə isterikası arasındadır.

Milli strategiyamız uzunmüddətli, soyuqqanlı və çox mərhələlidir.

İnformasiya kirliliyi isə spontan, qışqırıqçı və dağıdıcıdır.

Ən böyük risk odur ki, informasiya kirliliyi milli maraqlarımızı satanlara, milli hədəflərimizi birbaşa və dolayı yolla diversiyaya məruz qoyanlara zəmin yaradır.

Taleh ŞAHSUVARLI