Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda əsaslı təmiri yekunlaşdırmaq üzrədir.
Aznews.az xəbər verir ki, iki hərəkət zolaqlı avtomobil yolunun uzunluğu 2 kilometr, eni isə 9 metrdir.
Sözügedən yol uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən hərəkət hissəsində deformasiyalar yaranıb, qabarmalar və çalalar əmələ gəlib. Bu da avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə ciddi maneələr törədirdi. Aparılan əsaslı təmir işləri nəticəsində mövcud problemlər artıq aradan qaldırılır.
Təmir işləri zamanı yol boyunca zəruri sahələrdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılmaqla yeni yol əsası inşa edilib. Bundan başqa, vətəndaşların rahat hərəkətinin təmin edilməsi məqsədilə yol boyunca mövcud piyada səkisi də bərpa olunub. Hazırda ərazidə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Əsaslı təmir işləri tam yekunlaşdıqdan sonra yolun istismara yararlı vəziyyətə gətirilməsi, nəqliyyat vasitələrinin və piyadaların rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi nəzərdə tutulur.
Sözügedən avtomobil yolu Agentliyin balansında olmasa da, vətəndaşların müraciətləri və mövcud vəziyyət nəzərə alınaraq yolun əsaslı təmiri həyata keçirilir.
AzNews.az