“BƏƏ regional sülh quruculuğunda etibarlı tərəfdaşdır” – Şəhla Cəlilzadə

3 Fevral 2026 16:59 (UTC+04:00)

"Prezident İlham Əliyev regional sülh quruculuğunda aparıcı roluna görə Birləşmiş Ərəb Əmirliklərinin qurucusunun adı ilə yaradılan "Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb. Mükafatın Prezidentin Əbu-Dabi səfəri çərçivəsində təqdim olunması nəzərdə tutulur. Bu, son illərdə Azərbaycan və BƏƏ arasında əməkdaşlığın gedərək dərinləşdiyinin daha bir göstəricisidir. Belə ki, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan son iki ildə iki dəfə — 2024 və 2025-ci illərdə — ölkəmizə ardıcıl səfərlər edib. Cənab Prezident İlham Əliyev də 2023 və 2025-ci illərdə BƏƏ-də olub. Ötən ilin 10 iyulunda Ermənistan-Azərbaycan arasında baş tutan sülh danışıqlarına (Əbu-Dabi görüşü) BƏƏ-nin ev sahibliyi etməsi qarşılıqlı etimadın ən yüksək səviyyədə olmasından xəbər verir. Bu görüş heç bir vasitəçi olmadan keçirilməsinə görə ilk idi və Azərbaycan–Ermənistan dövlətlərarası münasibətlərinin normallaşması istiqamətində yeni bir səhifənin başlanğıcı hesab oluna bilər. Regional sülh quruculuğunda BƏƏ-nin verdiyi töhfə həm də Azərbaycan və BƏƏ arasında ikitərəfli münasibətlərin xarakterini göstərir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Qeyd edək ki, Azərbaycan ilə BƏƏ arasındakı münasibətlər son illərdə sürətlə inkişaf edərək siyasi, iqtisadi və enerji sahələrində strateji əməkdaşlıq səviyyəsinə çatıb. Prezident İlham Əliyevin regional sülhə verdiyi töhfələr və BƏƏ-nin Cənubi Qafqazdakı artan rolu bu əlaqələrin əhəmiyyətini göstərir.

Siyasi şərhçi qeyd edib ki, münasibətlər ötən illərdə xüsusilə enerji və iqtisadi sahələrdə genişləndirilib.

"2023-cü ilin oktyabrında Azərbaycan Hökuməti ilə BƏƏ-nin Masdar şirkəti arasında mühüm əməkdaşlıq sazişi imzalanıb. Şirkət Qaradağda 230 MVt gücündə günəş elektrik stansiyası inşa etmək üçün investisiya yatırıb, gələcəkdə isə bu şirkətin ölkəmizdə təmiz enerji istehsalı həcminin 1 QVt-a yüksəldilməsi razılaşdırılıb. Şirkət günəş elektrik stansiyasını 2025-ci ilin mayında təqdim edib. Layihənin uğurla təqdim edilməsi yeni əməkdaşlıq mərhələsinə keçid üçün qapı açıb. 2025-ci ilin iyulunda (Əbu-Dabi görüşü çərçivəsində) Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalanıb. Artıq bu ildən isə digər BƏƏ şirkəti "Cənub Qaz Dəhlizi”ndə pay sahibinə çevriləcək. Bu istiqamətdə Prezidentin indiki Əbu-Dabi səfəri çərçivəsində müvafiq sənəd imzalanıb. Səfər günlərində, həmçinin “Sülh Qalxanı–2026” birgə hərbi təlimlərinin keçirilməsi, iki ölkənin müdafiə nazirlərinin əməkdaşlıq barədə niyyət məktubunu imzalaması, Bakı ilə Əbu-Dabinin qardaşlaşması istiqamətində danışıqların aparılması əməkdaşlıq çərçivələrinin getdikcə genişləndiyini, münasibətlərin qardaşlıq xarakteri qazandığını göstərir. Xüsusilə qeyd etmək olar ki, TRIPP adı altında Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağı, bu dəhlizin cənub istiqamətində Fars körfəzinədək (ərəb dövlətləri bunu Ərəb körfəzi adlandırır) uzanması kimi geostrateji cəhətdən önəmli perspektivlər fonunda Azərbaycan–BƏƏ əməkdaşlığının qarşıdakı dövrdə təkcə iki ölkə arasında deyil, ümumilikdə Azərbaycanın ərəb ölkələri ilə münasibətlərinin daha da inkişafı üçün mühüm stimul yaradacağı gözlənilir. Belə ki, Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra regional sülhün əldə olunması və yeni qlobal layihələrin start götürməsi Azərbaycanın siyasi çəkisini artırır, Avrasiyada formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturasının açar oyunçularından birinə çevirir, Azərbaycan sərhədlərindən kənarda təhlükəsizliyin təmin olunmasında iştirakçıya çevirir və bu çərçivədə Azərbaycan–BƏƏ münasibətləri getdikcə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan strateji xarakter alır. O cümlədən, BƏƏ hazırda Cənubi Qafqazda geosiyasi baxımdan yeni və fərqli rol üstlənib. Həm Azərbaycanın, həm də Gürcüstanın BƏƏ ilə artan iqtisadi əməkdaşlığı, Gürcüstanın AŞPA-da çoxsaylı təzyiqlərlə üzləşdiyi bir vaxtda ötən ilin yanvarında BƏƏ-dən 6 milyard dollar investisiya əldə etməsi, həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətləri üzrə qlobal dəhlizlərdə Gürcüstanın iştirak potensialının artırılması, eləcə də Ermənistanın baş nazirinin müvafiq sülh mükafatı alması onu deməyə əsas verir ki, Cənubi Qafqazda gedən proseslərdə BƏƏ-nin məxsusi və artan rolu müşahidə olunur".

Rəfiqə Namazəliyeva,

AzNews.az