Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni ilin ilk xarici səfərini Yaxın Şərqə edir. Prezident əvvəlcə Səudiyyə Ərəbistanında, daha sonra isə Misirdə rəsmi görüşlər keçirəcək. Səfərlər çərçivəsində regional proseslər və iqtisadi əməkdaşlıq əsas müzakirə mövzuları olacaq.
Prezident Ərdoğan Riyaddakı təmaslarından sonra Misirin paytaxtı Qahirəyə yola düşəcək.
Səfərlə bağlı məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran açıqlayıb. Onun sözlərinə görə, Prezident Ərdoğan Riyadda Səudiyyə Ərəbistanının Vəliəhdi Məhəmməd bin Salman, Qahirədə isə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək.
Görüşlərdə Qəzza üzrə Sülh Komitəsinin fəaliyyəti müzakirə olunacaq, humanitar yardımların çatdırılması və yenidənqurma prosesi diqqət mərkəzində olacaq.
Prezident Ərdoğan, Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Qahirədə Türkiyə–Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasına Sisi ilə birlikdə həmsədrlik edəcək. Ərdoğanın həmçinin Türkiyə–Misir Biznes Forumunda iştirak etməsi planlaşdırılır.
Görüşlərdə Vaşinqton–Tehran xəttindəki gərginlik də gündəmdə olacaq. Tərəflər bölgədə gərginliyin azaldılmasına yönəlik mümkün addımları və Suriyadakı son vəziyyəti müzakirə edəcəklər.
Riyad və Qahirədə keçiriləcək təmaslarda iqtisadi əməkdaşlığın artırılması, xüsusilə müdafiə sənayesi sahəsində yeni tərəfdaşlıqların qurulması məsələləri də nəzərdən keçiriləcək.
Qeyd edək ki, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında yaxın münasibətlər ticarət göstəricilərində də əksini tapır. 2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi təxminən 8 milyard dollar təşkil edib. Türkiyənin Səudiyyə Ərəbistanına ixracı isə ötən il 3 milyard 149,6 milyon dollara yüksəlib.
Mövsüm,
AzNews.az