“Hörmüz Boğazının bağlanması dünya enerji bazarına ağır zərbə vura bilər” – Oqtay Qasımov

3 Fevral 2026 17:46 (UTC+04:00)

"ABŞ və İran arasındakı hazırkı gərginlik, əlbəttə ki, bölgəyə ciddi təsir göstərir. Belə bir qarşıdurma baş verərsə, onun nəticələri yalnız Yaxın və Orta Şərqdə məhdudlaşmayacaq, həm də Cənubi Qafqaz, Orta Asiya və Şərqi Asiyada, ümumiyyətlə, qlobal səviyyədə özünü göstərə bilər. Bu gərginliyin mənfi təsirləri ola bilər. Əgər savaş genişlənərsə və İran hər tərəfdə cavab verərsə, Hörmüz Boğazında gəmilərin hərəkətinin dayanması mümkündür ki, bu da qlobal enerji qiymətləri və dünya bazarlarında enerji təminatına ciddi təsir göstərəcək. Faktiki olaraq, bu, dünya iqtisadiyyatında ciddi nəticələr doğura bilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Xatırladaq ki, ABŞ-nin Yaxın Şərqdə hərbi fəaliyyətini gücləndirməsi və İranın buna cavab vermək niyyətini açıqlaması bölgədə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib. Bu gərginlik təkcə regionla məhdudlaşmır, enerji daşımaları, ticarət və qlobal iqtisadi sabitlik üçün də risk yaradır. Cənubi Qafqaz və digər qonşu regionlar da bu vəziyyətdən təsirlənə bilər, eyni zamanda güc balansında dəyişiklik ehtimalını artırır.

Siyasi şərhçi qeyd edib ki, belə bir gərginlik eyni zamanda güc balansının dəyişməsinə səbəb ola bilər.

"Tərəflərdən biri ciddi uğursuzluğa məruz qalarsa, onun gücü azalacaq və regionda yeni balans formalaşa bilər. Lakin hazırda tərəflər mümkün qədər genişmiqyaslı eskalasiyadan yayılmağa çalışırlar. Məhz bu səbəbdən ayın 6-da İstanbulda ABŞ və İran arasında danışıqlar keçiriləcək. Şərtlər kifayət qədər ağır olsa da və qısa müddətdə razılaşma əldə etmək çətin görünsə də, diplomatik qapılar hələ də açıqdır. Əgər genişmiqyaslı hərbi əməliyyatlar baş verərsə, bu regiona ciddi mənfi təsir göstərəcək və güc balansına əhəmiyyətli təsir imkanına malik olacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az