İspaniya yaşı 16-dan aşağı olan uşaqların sosial şəbəkələrə çıxışını qadağan etməyi planlaşdırır və platformalar yaşın təsdiqlənməsi sistemlərini tətbiq etməyə məcbur ediləcək.
Aznews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançez bəyan edib.
Sançesin rəhbərlik etdiyi solçu koalisiya hökuməti sosial şəbəkələrdə nifrət nitqinin, pornoqrafik məzmunun və dezinformasiyanın geniş yayılmasından dəfələrlə narahatlığını ifadə edərək, bunun gənclərə mənfi təsir göstərdiyini bildirib.
“Uşaqlarımız təkbaşına idarə etmələri üçün nəzərdə tutulmayan bir məkanın təsirlərinə məruz qalırlar... Biz artıq bunu qəbul etməyəcəyik”, – deyə Sançes Dubayda keçirilən Dünya Hökumətlər Sammitində çıxışı zamanı bildirib və digər Avropa ölkələrini də oxşar tədbirlər görməyə çağırıb.
“Biz onları rəqəmsal Vəhşi Qərbdən qoruyacağıq”, – o əlavə edib.
Xatırladaq ki, Avstraliya dekabr ayında 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələri qadağan edən ilk ölkə olub.
Aznews.az