"Düşünürəm ki, problem nə sosial şəbəkələrdədir, nə də insanların özündə. Burada əsas diqqət real sosial, siyasi və iqtisadi səbəblərə yönəlməlidir. Təbii ki, sosial şəbəkələrdə müəyyən mənada müzakirə imkanları mövcuddur, lakin bu platformaların əsas resursları ölkə xaricində yerləşdiyinə görə təsir imkanları əhəmiyyətli dərəcədə məhduddur. Bununla yanaşı, dövlətin hüquq-mühafizə və təhlükəsizlik strukturları da bu prosesi ciddi nəzarətdə saxlayır ki, bu da onların birbaşa funksiyasıdır. İnsanların sosial şəbəkələrdə fikirlərini sərbəst ifadə etməsi, müzakirələr aparması və emosiyalarını açıq şəkildə bölüşməsi həm dövlətin, həm də cəmiyyətin maraqlarına uyğundur. Bu yolla kimin nə düşündüyünü, necə düşündüyünü müşahidə və təhlil etmək mümkündür. Lakin sosial şəbəkələrdə aktiv olan insanların müəyyən bir qisminin real həyatda daha ehtiyatlı və qapalı davranmasının həm obyektiv, həm də subyektiv səbəbləri mövcuddur".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Qeyd edək ki, son illər cəmiyyətin paradoksal bir mənzərəsi formalaşıb: insanlar sosial şəbəkələrdə fikirlərini sərbəst ifadə edir, müzakirələr aparır, emosiyalarını açıq bölüşür, lakin real həyatda getdikcə daha susqun, ehtiyatlı və qapanmış görünürlər. Küçədə, ailədə, iş mühitində fikir bildirməkdən çəkinən fərdlər virtual platformalarda kifayət qədər cəsarətli mövqe nümayiş etdirirlər. Bu ziddiyyət sosioloji baxımdan “sükut cəmiyyəti” fenomenini gündəmə gətirir.
Sosioloq qeyd edib ki, real həyatda insanlar sərt və kəskin tənqiddən çəkinirlər.
"Çünki tənqid çox zaman insanları dialoqa yox, qarşıdurmaya aparır. İnsanlar daha çox qulağa xoş gələn sözləri eşitmək istəyirlər. Bu, sosial münasibətlərin bir növ “qızıl qaydasıdır”: insanlar bəyənilmək və bəyənmə ehtiyacı ilə davranışlarını, münasibətlərini və hətta siyasi mövqelərini formalaşdırırlar. Sosial şəbəkələr isə insana nisbətən azad məkan təsiri bağışlayır. Bu məkanda insanlar çoxsaylı izləyicilər qarşısında fikirlərini rahat ifadə edir, status yazmaqdan və açıq müzakirələrə qoşulmaqdan çəkinmirlər. Bu artıq sosial şəbəkələrin normasıdır və cəmiyyət də bu davranış formasına alışıb. Lakin kütləvi sosial və siyasi tədbirlərdə davranış tamamilə fərqli çərçivəyə düşür. Burada artıq milli, siyasi, iqtisadi və sosial təhlükəsizlik amilləri ön plana çıxır və insanlar davranışlarını mövcud qaydalar çərçivəsində korrekt şəkildə tənzimləməyə məcbur qalırlar. Bu yanaşma tədricən sosial şəbəkələrə də sirayət edir. Müəyyən qaydalar, məhdudiyyətlər və etik çərçivələr tətbiq olunduqca insanlar daha mədəni, məsuliyyətli və ölçülü davranmağa başlayırlar. Bu da ümumilikdə müsbət tendensiya kimi qiymətləndirilə bilər. "Sükut cəmiyyəti” anlayışı sosiologiyada, xüsusilə siyasi sosiologiya və politologiyada yeni deyil. Bu kontekstdə Noelle-Neumannın “Susma spiralı” konsepsiyası mövcuddur. Konsepsiya əsasən seçki proseslərinə aid edilsə də, cəmiyyətdə latent proseslərin üzə çıxarılması baxımından mühüm nəzəri çərçivə olaraq qalır. Bununla belə, mən “sükut cəmiyyəti”nin mövcudluğu fikri ilə razılaşmıram. Çünki cəmiyyətdə tam sükut heç vaxt olmur. İnsanlar ictimai nəqliyyatda, ictimai məkanlarda fikirlərini ifadə edirlər və buna ümumi bir qadağa yoxdur. Yalnız ictimai asayiş pozulduqda müdaxilə edilir ki, bu da hüquqi baxımdan normal və gözləniləndir. Bu gün dünyanın bir çox ölkələrində müzakirələrin böyük hissəsi artıq onlayn platformalarda aparılır. Texnologiya insanlara məsafədən ünsiyyət qurmaq, təhsil vermək və işləmək imkanı yaradır. Məsələn, xaricdə yaşayan mütəxəssis onlayn şəkildə dərs keçir, gəlir əldə edir, vergi ödəyir və bu proses həm fərdin, həm də dövlətin maraqlarına xidmət edir. Nəticə etibarilə, sükut cəmiyyətindən yox, daha səbirli, təmkinli və ölçülü davranış modelinin formalaşmasından danışmaq daha doğru olar. Bu tendensiya uzunmüddətli perspektivdə cəmiyyət üçün ciddi risk yaratmır. Müəyyən kiçik sosiallaşma problemləri və davranış riskləri ola bilər, lakin bunlar ümumi sosial davranış normaları çərçivəsində qiymətləndirilməlidir. Hətta sadə bir sorğu aparılsa, insanların böyük əksəriyyətinin bu “paradoksu” qəbul etmədiyi də üzə çıxar".
Rəfiqə Namazəliyeva,
AzNews.az