Braziliyanın şimal-şərqindəki Alaqoas ştatında avtobusun aşması nəticəsində 16 nəfər ölüb, 44 nəfər yaralanıb.
Braziliya mətbuatında yayılan xəbərlərə görə, Ceara ştatından qayıdan sərnişin avtobusu Alaqoas ştatının Sao Joze de Tapera qəsəbəsi ərazisindən keçən AL-220 avtomobil yolunda aşıb.
Qəza nəticəsində 4-ü uşaq olmaqla ümumilikdə 16 nəfər həyatını itirib, bəziləri ağır olmaqla 44 nəfər isə xəsarət alıb.
Yaralılar ətrafdakı xəstəxanalara yerləşdirilib. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün istintaqa başlanılıb.
Məlumata görə, avtobus Ceara ştatında keçirilən “Kandelariya Müqəddəs Məryəm Ana” adlı dini mərasimdə iştirak edən zəvvarları daşıyırmış.
Alaqoas ştatının qubernatoru Paulo Dantas yerli mediaya açıqlamasında, baş verən faciə ilə əlaqədar ştat ərazisində 3 günlük rəsmi matəm elan edildiyini bildirib.
Mövsüm,
AzNews.az