Narkoloji Mərkəzin direktoru: Məcburi müalicənin sayı çoxalıb

4 Fevral 2026 16:36 (UTC+04:00)

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzə müalicə məqsədilə müraciətlər könüllü olmaqla yanaşı, əvvəlki ilə nisbətən azalıb.

AzNews.az xəbər verir ki, bunu Narkoloji Mərkəzin Baş direktoru Fəzail Sadıqov deyib.

Onun sözlərinə görə, xəstələr, xüsusilə paytaxtda yaşayanlar Bakı şəhər Narkoloji Mərkəzində ambulator müalicələr alırlar:

"Bir çox xəstələr anonim müalicə almaq hüququndan istifadə edərək ambulator və ya ev şəraitində müalicə olunurlar. Məcburi müalicə Azərbaycan qanunvericiliyinə görə məhkəmə tərəfindən tətbiq olunur və bu müalicə formasının sayında da çoxalmalar müşahidə olunur".

F.Sadıqov qeyd edib ki, ümumən narkotiklərdən istifadə, onun sosial, tibbi, psixoloji və hüquqi fəsadları haqda əhalinin maarifləndirilməsi bu xəstəlikdən əziyyət çəkən şəxslərin narkoloji tibb müəssisələrinə müraciətlərini artırır:

"Bütün dünya üzrə narkotik asılılığı olan şəxslərin hər 6 nəfərindən biri müalicə ala bilirsə, bu rəqəm Azərbaycanda 6-nın 6-yadır. Yəni hər bir xəstə istər anonim şəkildə, istərsə də adi qaydada narkoloji müəssisədə müalicə ala bilir".