"ABŞ-nin İrana qarşı mümkün hərbi ssenariləri gündəmdə saxlaması beynəlxalq təhlükəsizlik mühitində gərginliyin artmaqda davam etdiyini göstərir. Bu proses fonunda Çin və Rusiyanın İranla hərbi-texniki əməkdaşlığı genişləndirməsi qlobal güclər arasında dərinləşən strateji rəqabətin regional müstəvidə təzahürü kimi qiymətləndirilməlidir. Hadisələrin inkişaf xronikası onu deməyə əsas verir ki, İranın hava hücumundan müdafiə imkanlarının gücləndirildiyi, raket texnologiyalarının təkmilləşdirildiyi və hərbi hazırlıq səviyyəsinin keyfiyyətcə yeni mərhələyə keçdiyi aydın şəkildə müşahidə olunur. Çin və Rusiyanın bu prosesdə rolu rəsmi Tehranın müdafiə potensialını artırmaqla yanaşı, ABŞ üçün mümkün hərbi müdaxilənin risk və xərclərini əhəmiyyətli dərəcədə yüksəldir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.
Qeyd edək ki, ABŞ-nin İrana qarşı mümkün hərbi variantları gündəmdə saxlaması beynəlxalq mediada Çin və Rusiyanın Tehranın müdafiə hazırlıqlarında rolunu artırdığı barədə iddiaları gücləndirib. Bildirilir ki, Çin İranın hava məkanının müdafiəsini möhkəmləndirmək məqsədilə hava hücumundan müdafiə imkanlarının genişləndirilməsində iştirak edir və raket texnologiyaları sahəsində texniki dəstək göstərir. Rusiya isə İranla hərbi-texniki əməkdaşlıq çərçivəsində kəşfiyyat məlumatlarının mübadiləsi, birgə təlimlər və silah sistemlərinin yenilənməsi istiqamətində əlaqələri intensivləşdirir.
Siyasi şərhçi qeyd edib ki, rəsmi Vaşinqtonun hərbi-strateji planlaşdırması təkcə hərbi üstünlük amilinə deyil, eyni zamanda mümkün qarşıdurmanın regional və qlobal nəticələrinə əsaslanır.
"İranın arxasında qlobal güclərin siyasi və hərbi dəstəyinin dayanması isə, öz növbəsində, münaqişənin lokallaşma ehtimalını azaldır və onu çoxvektorlu risklər yaradan ssenariyə çevirir. Bu isə ABŞ üçün arzuolunan seçim hesab edilə bilməz. Nəticə etibarilə, İranın müdafiə qabiliyyətinin gücləndirilməsi ABŞ-ni hərbi qarşıdurmadan tam şəkildə çəkindirməsə də, müharibə variantını rəsmi Vaşinqton üçün son dərəcə bahalı və yüksək riskli seçimə çevirir. Mövcud geosiyasi şərait isə göstərir ki, yaxın perspektivdə əsas mübarizə hərbi müstəvidə deyil, diplomatik təzyiqlər, strateji balans və güc nümayişi üzərindən aparılacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az