“Əbu-Dabi danışıqları dialoqun hələ bitmədiyini göstərir” – Kənan Novruzov

4 Fevral 2026 19:17 (UTC+04:00)

"Əbu-Dabidə keçirilən danışıqlar müəyyən mənada müsbət qiymətləndirilə bilər. Ən azı onu göstərir ki, diplomatik pəncərə hələ tam bağlanmayıb və tərəflər üçün dialoq müstəvisi mövcuddur. Lakin bu danışıqların real nəticə verəcəyinə inanmıram. Əvvəllər də oxşar platformalar yaradılıb, amma onlar konkret nəticə ilə yadda qalmayıb. Üstəlik, hazırkı vəziyyət daha mürəkkəbdir. ABŞ-da Donald Trampın ikinci dəfə hakimiyyətə gəlməsindən sonra beynəlxalq siyasi mənzərə xeyli dəyişib. Əgər əvvəllər “kollektiv Qərb” anlayışı mövcud idisə və Vaşinqtonla Avropa paytaxtları Ukrayna məsələsində eyni mövqedən çıxış edirdilərsə, hazırda bu birlik faktiki olaraq zəifləyib. O dövrdə həm ABŞ, həm də Avropa müharibənin Ukraynanın xeyrinə başa çatmasını istəyirdi".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, hazırda Ukrayna–Rusiya müharibəsi həm hərbi, həm də diplomatik müstəvidə paralel və ziddiyyətli mərhələyə daxil olub. Fevralın 4–5-də Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında ikinci raund sülh danışıqları keçirilir. Lakin bu diplomatik cəhdlər fonunda Rusiya Ukraynanın enerji infrastrukturuna qarşı genişmiqyaslı raket və PUA hücumlarını davam etdirir. Danışıqların davam etməsi ilə hərbi eskalasiyanın paralel getməsi münaqişənin gələcəyi ilə bağlı sualları daha da aktuallaşdırır.

Siyasi şərhçi qeyd edib ki, hazırda ABŞ Ukraynanın dövlətçilik taleyini sanki arxa plana keçirərək, müharibənin hansı formada olursa-olsun başa çatmasını əsas məqsəd kimi önə çəkir.

"Hətta Vaşinqtonun Ukraynanın kapitulyasiyasına belə razı ola biləcəyi ehtimalı istisna edilmir. Avropanın mövqeyi isə fərqlidir. Avropa müharibənin uzanmasında daha maraqlı görünür. Bunun bir neçə səbəbi var. Birincisi, Avropa hazırda Rusiyadan nisbətən ucuz enerji əldə edir və Avropa paytaxtları anlayır ki, müharibə başa çatarsa, bu imkan aradan qalxa bilər. İkincisi, Avropada belə bir narahatlıq var ki, müharibə bitdikdən sonra Rusiya hansısa digər Avropa ölkəsinə, xüsusilə də özünə sərhəd olan dövlətlərdən birinə hücum edə bilər. Bu ehtimalın əsas səbəblərindən biri Rusiyanın daxilindəki ağır sosial vəziyyətdir. Hazırda əhali müəyyən mənada dözür, çünki müharibə davam edir və ictimai narazılıq açıq şəkildə üzə çıxmır. Lakin müharibə başa çatdıqdan sonra sosial narazılıqlar kəskinləşə, xalq etirazlara qalxa bilər. Belə bir vəziyyətdə Rusiya hakimiyyəti daxili təzyiqləri azaltmaq və mümkün hakimiyyət dəyişikliyi riskinin qarşısını almaq üçün yenidən “xarici düşmən” obrazı yaradaraq hansısa Avropa ölkəsinə qarşı hərbi addım ata bilər. Mövcud situasiyada Rusiyanın iqtisadi və hərbi müharibəsinin sona çatması ehtimalı nə qədər real görünür və danışıqlar nə qədər intensivləşirsə, bir o qədər də münaqişənin daha şiddətli mərhələyə keçməsi və Avropaya doğru genişlənməsi riski aktuallığını qoruyur".

Rəfiqə Namazəliyeva,

AzNews.az