Rusiyadan pul köçürmələri niyə azalıb? - ŞƏRH

4 Fevral 2026 22:37 (UTC+04:00)

Rusiyadan Azərbaycana pul köçürmələrinin həcminin azalması son illərdə regionda formalaşan iqtisadi və miqrasiya dinamikalarının daha aydın şəkildə görünməsinə imkan yaradır. Verilən məlumatlara əsasən, 2025-ci ildə bu köçürmələr 16,3 faiz azalaraq 343 milyon dollar səviyyəsində formalaşıb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcmi 623 milyon dollar idi, 2024-cü ilin yekununda isə artıq 410 milyon dollara enmişdi. Bu göstəricilər azalma tendensiyasının epizodik deyil, ardıcıl xarakter daşıdığını göstərir.

Pul köçürmələri uzun müddət postsovet məkanında, o cümlədən Azərbaycan üçün xaricdə çalışan vətəndaşların ailə büdcəsinə dəstək mexanizmi olmaqla yanaşı, daxili istehlak və xidmət sektorunda dolayı iqtisadi təsir yaradan mühüm amillərdən biri kimi çıxış edib. Rusiyadan daxil olan transfertlər əsasən gündəlik xərclərin, kommunal ödənişlərin, təhsil və səhiyyə ilə bağlı tələbatların qarşılanmasına yönəlirdi. Həcm azalması isə bu vəsaitlərin ölkə daxilində yaratdığı dövriyyənin də zəiflədiyini göstərir ki, bu da xüsusən regionlarda istehlak dinamikasına təsirsiz ötüşmür.

Mövcud azalma bir neçə paralel prosesin nəticəsi kimi formalaşır. RBK-nın araşdırmasında vurğulanan mövsümi amillər və köçürmələrə tətbiq edilən daha sərt tənzimləmələr ilk baxışda əsas səbəblərdən biri kimi görünür. Lakin prosesin daha dərin qatında miqrasiya axınlarının dəyişməsi dayanır. Rəsmi statistikaya görə, 2025-ci ilin əvvəlində Rusiyada qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı 331 min nəfər idisə, ilin sonuna yaxın bu rəqəm 224 minə düşüb. Yəni, bir il ərzində təxminən 100 mindən çox azərbaycanlı miqrant Rusiyanı tərk edib. Bu fakt təkcə köçürmələrin azalmasını deyil, ümumilikdə əmək miqrasiyasının coğrafiyasının dəyişdiyini də göstərir.

Qlobal miqyasda bu proses təkcə Azərbaycanla məhdudlaşmır. RBK-nın məlumatına əsasən, 2025-ci ildə Rusiyadan Qazaxıstan və Gürcüstana da pul köçürmələrinin həcmi azalıb, Ermənistana isə köçürmələrdə təxminən 60 faiz azalma qeydə alınıb. Bu mənzərə Rusiyanın özü üçün də yeni iqtisadi reallıqların formalaşdığını göstərir. Xarici işçi qüvvəsinə nəzarətin sərtləşdirilməsi, miqrantların hüquqi statusu ilə bağlı tələblərin artması və maliyyə əməliyyatlarının daha ciddi monitorinqə cəlb olunması Rusiyadan çıxan maliyyə axınlarını məhdudlaşdıran əsas struktur amillər sırasındadır.

Azərbaycan kontekstində bu dəyişikliklər ikili təsir yaradır. Bir tərəfdən, xaricdən daxil olan qeyri rəsmi vəsaitlərin azalması bəzi ailələrin gəlir strukturuna qısamüddətli təzyiq göstərə bilər. Digər tərəfdən isə bu proses daxili əmək bazarının və yerli iqtisadi fəallığın rolunun artmasını aktuallaşdırır. Son illər Azərbaycanda qeyri neft sektorunun genişləndirilməsi, regionlarda məşğulluq imkanlarının artırılması və kiçik və orta biznesin stimullaşdırılması istiqamətində atılan addımlar bu cür xarici asılılıqların mərhələli şəkildə azalmasına hesablanıb. Pul köçürmələrinin azalması fonunda daxili iqtisadi mexanizmlərin ön plana çıxması uzunmüddətli baxışda daha dayanıqlı modelin formalaşmasına şərait yaradır.

Eyni zamanda, miqrasiya axınlarının dəyişməsi Azərbaycanın insan kapitalının ölkə daxilində qalmasına və müxtəlif sahələrdə istifadə olunmasına imkan yaradır. Rusiyadan qayıdan əmək miqrantlarının bir hissəsi xidmət, ticarət, logistika və kənd təsərrüfatı kimi sahələrdə fəaliyyət göstərir ki, bu da regional iqtisadi dövriyyəyə əlavə impuls verir. Beynəlxalq təcrübə göstərir ki, xarici transfertlərin azalması yalnız risk kimi deyil, düzgün iqtisadi siyasət fonunda daxili resursların daha səmərəli səfərbər olunması üçün fürsət kimi də qiymətləndirilə bilər.

Beləliklə, Rusiyadan Azərbaycana pul köçürmələrinin azalması təkcə statistik göstərici deyil, regionda miqrasiya, əmək bazarı və maliyyə axınlarının strukturunda baş verən daha genişmiqyaslı dəyişikliklərin göstəricisidir. Mövcud tendensiyalar göstərir ki, bu proses qısamüddətli dalğalanmadan daha çox, yeni iqtisadi reallıqların formalaşması ilə bağlıdır və Azərbaycanın daxili iqtisadi dayanıqlığının artması fonunda daha balanslı təsir mexanizmləri ilə müşayiət olunur.

AzNews.az