"Son günlər məktəblərdə BSQ-lərin keçirilməsindən sonra ciddi ajiotaj yaranıb. Valideynlər, müəllimlər və ümumilikdə bu prosesdə iştirak edən tərəflərin hər biri öz mövqeyini haqlı hesab edir. Müəllimlər imtahanların sayının çoxluğundan irad bildirir, valideynlər isə əsasən imtahanların keçirilmə qaydası ilə bağlı narahatlıqlarını dilə gətirirlər. Məsələn, bəzi valideynlər bütün məktəblərdə BSQ və KSQ-lərin elektron qaydada keçirilməsini təklif edirlər. Digər bir qisim isə imtahanların kağız üzərində aparılmasının tərəfdarıdır və bunu şagirdlərdə psixoloji gərginliyin yaranmaması ilə əsaslandırır".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Xatırladaq ki, son günlər məktəblərdə BSQ və KSQ-lərin keçirilməsi ətrafında valideynlər və müəllimlər arasında fikir ayrılığı yaranıb. Bəzi tərəflər elektron imtahanları dəstəkləyir, digərləri isə şagirdlərin psixoloji rahatlığını önə çəkir. Bu, məktəbdaxili imtahanların keçirilmə qaydaları barədə geniş müzakirələri gündəmə gətirib.
Ekspert qeyd edib ki, nəticə etibarilə həm valideynlər, həm də müəllimlər bu məsələdə öz arqumentlərini səsləndirirlər.
"Məlumat üçün qeyd edim ki, Bakı şəhəri üzrə demək olar bütün məktəblərdə imtahanların elektron qaydada keçirilməsi üçün imkanlar mövcuddur. Yalnız texniki baxımdan müəyyən çətinlikləri olan tək-tük məktəblər istisna təşkil edir. Region məktəblərində isə məktəbdaxili imtahanların keçirilməsi mövcud texniki avadanlıqların imkan verdiyi səviyyədə həll oluna bilər. Çünki suallar artıq tərtib edilibsə və müəllim imtahanın keçirilməsinə hazırdırsa, əsas məsələ elektron qurğuların — planşetlərin, noutbukların və ya kompüterlərin mövcudluğu, eləcə də bu prosesi idarə edəcək mütəxəssisin təmin edilməsidir. Hazırda bu imkanların bütün ölkə üzrə tam əhatə olunmaması müxtəlif fikirlərin səslənməsinə səbəb olur. Bəzi tərəflər imtahan materiallarının vaxtından əvvəl sosial şəbəkələrdə yayılması ilə bağlı narazılıq bildirir, digərləri isə elektron imtahan əvəzinə kağız daşıyıcıdan istifadəyə üstünlük verilməsini müdafiə edir. Ümumilikdə, bu məsələlər ətrafında fikir ayrılıqları mövcuddur. Lakin bütün bu müzakirələrin fonunda Elm və Təhsil Nazirliyinin məktəbdaxili imtahanların keçirilməsi ilə bağlı normativ-hüquqi sənədlərə əsaslanan vahid qayda və forma sistemi mövcuddur. Bu səbəbdən mövcud mexanizmlərin dəyişdirilməsi asan görünmür. Müəllimlərin peşəkarlığı ilə bağlı məsələyə gəldikdə isə qeyd etmək lazımdır ki, Azərbaycanda sertifikasiya prosesindən sonra müəyyən müəllimlər sistemdən kənarlaşdırılır. Sertifikasiyadan zəif nəticə göstərən müəllimlərə əvvəlcə möhlət verilir. Bu müddət ərzində nəticə yaxşılaşdırılmadığı halda, həmin müəllim sistemdən uzaqlaşdırılır. Bununla belə, onların müəllimlik hüququ tamamilə əlindən alınmır. Müəllim yenidən hazırlaşaraq imtahan verə və sistemə qayıda bilər. Hazırda müşahidə olunan mənzərə məhz bundan ibarətdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az