"Ermənistanda ictimai və siyasi xadimlər yaxşı olardı ki, bir qədər tarixə nəzər salsınlar. Ermənilərin Cənubi Qafqaza yerləşdirilməsi və Ermənistan Respublikasının yaradılması əsasən Çar dövründə, Sovet dövründə və indiki Rusiyanın himayəsi altında baş verib. Tarixən ermənilər Rusiyanın dəstəyi ilə bu bölgədə məskunlaşıb və dövlətçiliklərini qurublar. Xatırlatmaq yerinə düşər ki, 1918-ci ildə Ermənistanın ərazisi 9 min kvadratkilometr olub və bu torpaqlar qədim Azərbaycan ərazisi hesabına formalaşıb. Sonrakı Sovet dövründə ərazi 29 min kvadratkilometrə qədər genişləndirildi, yenə də Rusiyanın dəstəyi ilə. Hazırda Ermənistanın mövcud ərazisi, Paşinyanın "Real Ermənistan" dediyi bir ərazi, əsasən xarici təsirlər nəticəsində formalaşıb. Ermənistandakı siyasi xadimlər tarixi unudurlar; tarixi təcrübə göstərir ki, erməni milləti dövrlər boyu siyasi vəziyyətdən istifadə edərək bəzən xəyanətkar davranışlar nümayiş etdirib. Bugünkü Ermənistan hakimiyyəti Qərb yönümlüdür və Qərbdən gələn təlimatlar əsasında mövqeyini formalaşdırır. Zəngəzur dəhlizi məsələsində isə ortada iki sənəd mövcuddur: 10 noyabr və 8 avqust sənədləri. Hər iki sənəd Rusiya tərəfindən də dəfələrlə tanınıb, lakin hansı sənədin real tətbiq olunacağı 2026-cı ildə keçiriləcək seçkilərin nəticəsindən asılıdır. Paşinyanın hakimiyyəti dəyişsə və Rusiyaya yaxın qüvvələr hakimiyyətə gələcəksə, 10 noyabr sənədi gündəmə qayıdacaq".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, Ermənistanın “Xristian-Demokrat” Partiyasının sədr müavini Levon Şirinyan bildirib ki, Rusiya “Tramp Marşrutu”nda heç bir halda iştirak edə bilməz. Onun sözlərinə görə, Moskva Ukrayna müharibəsində çıxılmaz vəziyyətə düşüb və indi müxtəlif ölkələrdə qarışıqlıq yaratmağa çalışır. Şirinyan həmçinin qeyd edib ki, Ermənistanda revanşist qüvvələr bu marşrutu gözdən salmaq məqsədilə ortaya çıxıb, lakin revanşizm ölkədə qalib gələ bilməz.
Siyasi şərhçi qeyd edib ki, Ermənistanda baş nazirdən prezidentədək bütün siyasi strukturlar Qərb təsiri altındadır.
“Soros fondu və Birləşmiş Ştatların təlimatları əsasında regionda fəaliyyət göstərirlər. 44 günlük savaşdan sonra Cənubi Qafqazda yeni siyasi situasiya formalaşıb və burada Azərbaycan əsas aktordur. Bölgədə baş verəcək bütün hadisələr Azərbaycanla razılaşdırılmadan həyata keçirilə bilməz. Böyük qlobal layihələr də Azərbaycanın iştirakı olmadan reallaşa bilməz. Rusiya üçün Cənubi Qafqaz strateji əhəmiyyət daşıyır. Ukrayna müharibəsi səbəbindən Rusiyanın Avropa ilə əlaqəsi kəsildiyi halda, cənub cinahı vasitəsilə İran körfəzinə və Hind okeanına çıxış imkanı yaranır. Bu baxımdan, Cənubi Qafqazda stabillik Rusiyanın maraqlarına uyğundur. Zəngəzur dəhlizi də Rusiya üçün strateji əhəmiyyət kəsb edir, çünki bu dəhliz vasitəsilə Türkiyə üzərindən quru əlaqəsi qurulur və Afrikanın şimal bölgələrinə çıxış daha yaxın olur. Bu baxımdan Zəngəzur dəhlizinin taleyi 2026-cı ildə Ermənistanda keçiriləcək seçkilərin nəticəsindən asılıdır. Hər bir dövlət öz maraqlarını həyata keçirmək istəyir. Azərbaycan prezidenti regionda stabilliyi təmin edən əsas qüvvədir və 44 günlük savaşdan sonra yaranan siyasi situasiyanı uzlaşdırmaqla Cənubi Qafqazda stabillik yaradır. Bu mübarizənin birinci episentri Ukraynadırsa, ikinci episentri Cənubi Qafqazdır. Cənubi Qafqazı ABŞ və Ermənistan vasitəsilə proseslərə cəlb etmək istəsə də, əsas aparıcı dövlət Azərbaycandır. Azərbaycanla razılaşdırılmadan heç bir layihə həyata keçirilə bilməz. Azərbaycan prezidenti regionda stabilliyi təmin edən əsas qüvvədir və 44 günlük savaşdan sonra yaranan siyasi situasiya maraqları uzlaşdırmaqla Cənubi Qafqazda stabillik yaradır. Bu stabillik həm Rusiya, həm ABŞ, həm də Orta Asiya ölkələri ilə Azərbaycan arasında maraqların uzlaşdırılması vasitəsilə təmin edilir. Ermənistanda gedən proseslər isə göstərir ki, orada stabilliyi pozacaq bir situasiya mövcuddur. Ermənistanda hələ stabil dövlət mexanizmi yoxdur və kilsə ilə hakimiyyət arasında qarşıdurma mövcuddur. 2026-cı il seçkilərinin nəticəsi hələ qeyri-müəyyəndir. Ona görə də Cənubi Qafqazda söz sahibi Azərbaycan olaraq qalır və bütün regional və qlobal maraqlar Azərbaycan üzərindən uzlaşdırılacaq”.
Rəfiqə Namazəliyeva,
AzNews.az