"Dövlət həm də lideri ilə tanınır" - Ülvi Quliyev

5 Fevral 2026 22:26 (UTC+04:00)

Yeni dünya nizamı ilə bağlı çağırışların təhlükəli tərəfi həm də ondadır ki, bu mürəkkəb prosesdə beynəlxalq hüquq çox asanlıqla geosiyasi maraqlara qurban verilir, onun qarşısını almalı olan aparıcı beynəlxalq təşkilatlar isə adekvat fəaliyyət göstərə bilmir, böyük dövlətlər qarşısında zəiflik nümayiş etdirirlər. Nəticədə təcavüzkar müharibələrin və separatçılıq kimi təhlükəli meyllərin coğrafiyası daha da genişlənir, ikili standartlar və ayrı-seçkilik siyasəti ön plana çıxaraq təzyiq vasitəsinə çevrilir.

Belə bir vəziyyətdə haqqı pozulan xalqların ədaləti və beynəlxalq hüququ bərpa etmək cəhdi daha ciddi təhlükə və sınaqlarla üz-üzə qalır. Elə bu səbəbdən, uğurlu nəticənin əldə olunması Liderin siyasi iradəsindən, dövlətin gücündən və ictimai həmrəylik səviyyəsindən birbaşa asılı olur. Məhz bu amillərin bir arada olması imkan verdi ki, bütün maneə və təzyiqlərə baxmayaraq, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam və mütləq şəkildə bərpa edə bilsin. Belə bir mürəkkəb dövrdə Azərbaycan qazandığı tarixi Zəfərlə yalnız ədaləti və beynəlxalq hüququ bərpa etmədi, o həm də təhlükəsiz dünya nizamını təhdid edən ikili standartlar siyasətinə qalib gəldi. Prezident İlham Əliyevin 2022-ci il aprelin 22-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi bu fikir elə həmin tarixi gerçəkliyin təsdiqidir: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.

BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı məlum dörd qətnaməsinin 27 il kağız üzərində qalması, keçmiş Minsk qrupundakı vasitəçilər üçlüyünün 28 il ərzində status-kvo vəziyyətini saxlamaq cəhdi ədalətsizliyin yalnız görünən tərəfidir. Bağlı qapılar arxasında demokratiya və insan haqları pərdəsi altında Azərbaycana göstərilən təzyiqlərin miqyasını bu gün yalnız təxmin etmək olar. Müharibənin ilk günlərində Qarabağın işğaldan azad edilməsinə qarşı olanları, “icazə vermərik” deyənləri xalqımız hələ də unutmayıb və unutmayacaq. Həmin dövrdə və Qələbədən dərhal sonra AŞPA-da və Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən qətnamələrdə hansı cahil fikirlərin yer aldığını və dini ayrı-seçkiliklə bağlı hansı utancverici arqumentlərin əsas gətirildiyini də unutmamışıq. Onların yeganə məqsədi tarixi Zəfərimizə kölgə salmaq və onun siyasi-hüquqi müstəvidə legitimləşdirilməsinin qarşısını almaq idi. Siyasi riyakarlıq elə iyrənc həddə çatmışdı ki, Ukrayna ərazisində separatçılığa qarşı eyni cəbhədən çıxış edən və separatçıların nəinki həbsini, hətta fiziki olaraq zərərsizləşdirilməsini təşviq edənlər, demokratiya və insan haqları, dini təəssübkeşlik pərdəsi altında erməni separatçılarını açıq şəkildə müdafiə etməkdən də utanmırdılar. COP29 ərəfəsində ölkəmizə və Azərbaycan Prezidentinə qarşı aparılan çirkin qarayaxma kampaniyası da həmin riyakarlığın tərkib hissəsi idi.

Bu gün təhlükəsiz dünya nizamının pozulmasından guya narahat olan bəzi aktorlar yaranmış vəziyyətə görə, əslində, özləri məsuliyyət daşıyır. Belələrinin məsuliyyətsizliyinin arxasında münaqişələrlə bağlı ya peşəkar bilgilərin olmaması, ya kor-təbii yanaşma, əksər hallarda isə qərəzli münasibət dayanır. Tarixi faktlar sübut edir ki, Azərbaycanın üzləşdiyi ədalətsizliyin kökündə son iki əsrdə xalqımıza qarşı yürüdülən məqsədyönlü qərəz dayanırdı. Zaman-zaman tarixi torpaqlarımızın işğal və ilhaqı, erməni separatizminin təşviqi və yüzminlərlə qaçqın və köçkün dalğası bu cür qərəzli siyasətin tərkib hissəsi idi. Qələbədən sonra Azərbaycanın guya Ermənistana qarşı müharibəyə hazırlaşması ilə bağlı bəzi təşkilatların və Ermənistana havadarlıq edən dairələrin informasiya təxribatı bir daha göstərdi ki, bədxahlarımız məkrli planlarından əl çəkmək fikrində deyil. Onların yeganə məqsədi beynəlxalq ictimai rəyi Azərbaycanın əleyhinə yönəltmək və nəyin bahasına olursa-olsun qələbəmizin siyasi-hüquqi müstəvidə tanınmasının qarşısını almaq idi. Məsələnin ən acınacaqlı tərəfi ondadır ki, həqiqətə uyğun olmayan bu cür məlumatların və təhlükəli dezinformasiyaların yayılmasında öz içərimizdən olan bəziləri, ilk növbədə, radikal müxalifətin təmsilçiləri daha çox canfəşanlıq göstərirdilər. Bunu siyasi mübarizə taktikası kimi təqdim etməyə çalışanlar ya cəmiyyətimizin biganə qalacağına ümid edir, ya da ətəyindən yapışdıqları hamilərinin onları qoruya biləcəyinə sadəlövhcəsinə inanırdılar. Ölkəmizin rəsmi qurumları tərəfindən, hətta Prezident səviyyəsində bu cür məlumatların yalan olduğu dəfələrlə bəyan edilsə də, radikal müxalifətə bağlı olan internet resurslarında dezinformasiyalar məqsədli şəkildə davam etdirilirdi. Prezident İlham Əliyev ötən il avqustun 26-da “Əl-Ərəbiyyə” televiziya kanalına verdiyi müsahibədə həmin yalanı tirajlayanları, qərəzli mövqedə dayananları növbəti dəfə ifşa etdi: “Bəzi media orqanlarında, bəzi internet saytlarında Azərbaycanın Zəngəzuru işğal edəcəyinə, İranla Ermənistan sərhədini kəsəcəyinə dair planlar barədə çoxlu şayiələr yayılmışdır. Bu, tamamilə yalandır. Bizim belə bir niyyətimiz yoxdur. Hər halda, etmək istəsəydik, edərdik. 2020-ci ilin noyabr ayında bunu etmək çox asan idi. Bu son beş il ərzində də bunu etmək çox asan idi. Cəmi 40 kilometrdir, hərbi baxımdan çox vaxt aparmayacaqdı... Biz təcavüzkar olmadığımız üçün bunu etmədik. Biz işğal edən ölkə deyilik, biz əraziləri azad edən insanlar və ölkəyik. Bizim işimiz bundan ibarət idi və bizim müharibə də ədalətli idi”.

Azərbaycan, nə qədər çətin olsa da, imkan vermədi ki, beynəlxalq və humanitar hüququ tam şəkildə gözləmək şərti ilə əldə etdiyi ədalətli Qələbəyə bədxahlarımız kölgə sala bilsinlər. Savaş meydanında qazandığımız tarixi Zəfərin siyasi-hüquqi müstəvidə təsbit edilməsinə nail olmaq həm də bu səbəblərdən olduqca vacib idi. Qalib Azərbaycanın məğlub Ermənistana sülh təklifi məlum dairələrin məkrli planlarını pozmaqla yanaşı, Prezident İlham Əliyevin siyasi iradəsini və səmimi niyyətini nümayiş etdirdi. Ayrı-ayrı qüvvələr, o cümlədən Ermənistanın ənənəvi havadarları və erməni lobbi mərkəzləri müxtəlif üsullarla buna mane olmağa çalışsalar da, növbəti məğlubiyyətlə üzləşdilər. Baxmayaraq ki, onların təzyiq və müdaxilə imkanları Ermənistan hakimiyyətinə təsirsiz ötüşmürdü. Paşinyan hökumətinin cəmiyyətimizdə birmənalı qrşılanmayan ziddiyyətli bəyanatlarının səbəblərindən biri də elə bu cür müdaxilələrlə bağlı idi.

2025-ci il avqustun 8-də Vaşinqtonda Prezident Donald Trampın şahidliyi ilə Sülh sazişi mətninin paraflanması və Birgə Bəyannamənin imzalanması həmin maneələrə ən tutarlı cavabdır. Bu tarixi sənədlərin Azərbaycan üçün əhəmiyyəti həm də ondadır ki, dünyanın bir nömrəli ofisində ABŞ Prezidentinin şahidliyi ilə döyüş meydanında qazandığımız Qələbə siyasi-hüquqi müstəvidə də təsdiqini tapdı. İlk dəfə olaraq, ABŞ Administrasiyası tərəfindən Azərbaycanın haqlı iddialarına adekvat və obyektiv münasibət göstərildi. Ağ Evdə Prezident Donald Trampın Azərbaycan Prezidentinə “Siz böyük Lidersiniz”,-deyərək, qərəzli 907-ci düzəlişin qüvvəsini dayandırması qərarı bir həqiqəti də ortaya çıxardı. Göstərdi ki, indiki mürəkkəb dünyada ən çətin problemlərin həlli Liderlərin siyasi iradəsindən və onların arasındakı qarşılıqlı etimad mühitindən birbaşa asılıdır.

Cəmiyyətimiz bu gün onu da bilir ki, Vaşinqton razılaşmalarına aparan yol heç də hamar olmayıb. Bu yolda əyilməz siyasi iradə və peşəkar diplomatiya hesabına bir çox maneələrin qarşısı alınıb, qərəzli müdaxilə cəhdlərinə qətiyyətlə “yox” deyilib. Bununla yanaşı, həmin yolda Azərbaycanın haqlı mövqeyini daima dəstəkləyən, Türkiyə başda olmaqla qardaş və dost ölkələrin sayı da az olmayıb. Tarixi Vaşinqton Sammitindən bir ay əvvəl, ötən ilin iyulunda Əbu-Dabidə keçirilən yüksəksəviyyəli görüş də, heç şübhəsiz ki, sülhə öz töhfəsini verdi. Bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə təqdim olunması sülh naminə ədalətli və cəsarətli Lider fəaliyyətinə verilən ali qiymətdir. Bu nüfuzlu Mükafatı başqalarından fərqləndirən və ona xüsusi status verən məqam onunla bağlıdır ki, həmin Mükafat Müsəlman Ağsaqqalları Şurasının Sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir.

Əl-Əzhər Şərifin böyük imamı, professor Əhməd Əl-Tayyibin və Roma Papası XlV Leonun “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına ünvanladıqları təbrik məktubları olduqca dərin məna kəsb edir, sivilizasiyalar və dinlər arasında dialoqu və dinc birgəyaşayışı təşviq edir. Bu iki məktubun Əbu-Dabidə bir arada səsləndirilməsi növbəti dəfə göstərir ki, hətta XXl əsrdə dinlər və sivilizasiyalar arasında təfriqə salan, ayrı-seçkilik edən cılız və cahil fikir daşıyıcılarına yalnız dialoqun, anlaşmanın, sülhün və qarşılıqlı etimad mühitinin təşviq olunması ilə qalib gəlmək mümkündür. Nüfuzlu Mükafatın Azərbaycan Prezidentinə təqdim olunması Prezident İlham Əliyevin həm də bu istiqamətdə göstərdiyi səylərə verilən ali qiymətdir.

Dünyada artıq çoxlarına sirr deyil ki, multikulturalizm və tolerantlıq ölkəmizdə yalnız dövlət siyasəti deyil, həm də xalqımızın əsrlərə söykənən oturuşmuş həyat tərzidir. Elə bu səbəbdən, Prezident İlham Əliyevin sülh gündəliyinin təşəbbüskarı olması, işğalçı ölkəyə sülh təklif etməsi, əslində, təəccüb doğurmamalıdır. Azərbaycan Prezidentinin bu təşəbbüsü iki xalqın və bütövlükdə regionun etibarlı gələcəyi ilə yanaşı, daha geniş coğrafiyada sülhün və əmin-amanlığın təşviqinə xidmət edir. Mükafatın təqdimolunma mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi bu fikir də elə həmin məqsədə, dünyada ədalətin və ümumbəşəri dəyərlərin qorunmasına xidmət edir: “Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür”.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın nüfuz göstəricilərindən biri də onunla bağlıdır ki, onun münsiflər heyətində Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel, Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini və digər görkəmli şəxslər təmsil olunur. Məhz bu tərkibdən ibarət olan münsiflər heyəti dünya miqyasında bütün sülh modellərini araşdırdıqdan sonra ali Mükafatın Azərbaycan Prezidentinə təqdim olunması ilə bağlı yekdil qərar veriblər. Tarix növbəti dəfə sübut edir ki, bütün maneə və təzyiqlərə baxmayaraq, haqq və ədalət yolunda siyasi iradə nümayiş etdirən, öz dövlətinin milli maraqları ilə yanaşı, ümumbəşəri dəyərlərin qorunmasına əhəmiyyətli töhfə verən Liderə bütün xalqlar hörmət edir, ehtiram göstərir. Artıq o da danılmaz həqiqətdir ki, müasir dünyada istənilən ölkə tarixi-mədəni irsi, dövlətçilik ənənələri, mənəvi dəyərləri və uğurları ilə yanaşı, həm də belə Lideri ilə tanınır.

AzNews.az