Rusiya zavodu Azərbaycan üçün hərbi texnika istehsalına başladı

16 Sentyabr 2013 21:45 (UTC+04:00)
Rusiyadakı "Kurqanmaşzavod" Azərbaycan üçün 2C31 "Vena" özüyeriyən artilleriya qurğularının istehsalına başlayıb.
Musavat.com "Оружие России"ya istinadən xəbər verir ki, zavod indiyədək seriya istehsalla məşğul olmayıb və ilk dəfə olaraq Azərbaycanın sifarişi əsasında 18 "Vena"nın seriya buraxılışına qərar verib.

2С31 "Vena" Rusiya istehsallı, BMP-3-ün şassisində 120-mm-lik özüyeriyən artilleriya qurğusudur. Düşmənin canlı qüvvəsini, artilleriya və minomyot batareyalarını, raket qurğuları və zirehli hədəflərini, atəş vasitələri və komanda məntəqələrini 13 km-ə dək məsafədə məhv eləmək üçün nəzərdə tutulub. O, hədəflərin kəşfiyyatını gecə-günsüz, müstəqil şəkildə həyata keçirir, örtülü mövqelərdən heç bir atəş mövqeyi hazırlığı olmadan hədəflərə dəqiq atəş açır.

Xatırladaq ki, bir neçə ay öncə Rusiya ikitərəfli kontrakt əsasında Azərbaycana bir milyard dollar həcmində müasir döyüş maşınları vermiş, bu da işğalçı Ermənistanda ciddi narahatlıq və Kremlə qarşı etimadsızlıq doğurmuşdu.