Media eksperti: Sosial şəbəkələrin uşaqlar üzərində neqativ təsirləri artıq faciələrə yol açır

6 Fevral 2026 16:54 (UTC+04:00)

“Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində baş vermiş hadisə təkcə ağır cinayət faktı deyil, eyni zamanda cəmiyyət üçün ciddi bir siqnaldır. Bir neçə gün əvvəl Hacıqabulda 12 yaşlı uşağın digər azyaşlıya bıçaqla xəsarət yetirməsi, bu gün isə 10-cu sinif şagirdinin müəllimə odlu silahdan atəş açması artıq təsadüf hal kimi qiymətləndirilə bilməz. Hadisələrin coğrafiyası və forması fərqli olsa da, mahiyyət eynidir: yetkinlik yaşına çatmayanların zorakılığa meyllənməsi faktı ortadadır”.

AzNews.az xəbər verir ki, Bunu Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.

Müşfiq Ələsgərli bildirib ki, müəllimlə şagird arasında hansı səbəbdən gərginliyin yaranması mahiyyəti dəyişmir: “Problemin əsas qayəsi şagirdin etiraz və reaksiya formasıdır. Mübahisənin odlu silahdan istifadə səviyyəsinə çatması dərin sosial-psixoloji deformasiya göstəricisidir. Bu cür davranış modelləri təsadüfən formalaşmır. Heç bir şübhəm yoxdur ki, belə hallar sosial şəbəkələrin və rəqəmsal platformaların uşaqlar üzərində artan neqativ təsiri fonunda meydana çıxır”.

Ekspert qeyd edib ki, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış və sosial şəbəkələrdə kütləvi şəkildə yayılan qısa videoçarxlar - reels, shorts və s. uşaqlara hər gün yüzlərlə zorakılıq, silah, kriminal həyat tərzi və aqressiv davranış nümunələri təqdim edir. Nəticədə zorakılıq adi, qəhrəmanlıq isə silah və güc üzərindən təqdim olunan davranış modelinə çevrilir.

“Doğrudur, “Facebook”, “YouTube” kimi iri platformalar azyaşlıların zərərli məzmundan qorunması üçün müəyyən mexanizmlər tətbiq edirlər, 12-13 yaşdan aşağı uşaqların hesab açmasını formal olaraq məhdudlaşdırmağa çalışırlar. Valideyn nəzarəti alətləri də mövcuddur. Lakin bu tədbirlərin effektivliyi ciddi sual altındadır. Bir valideyn öz övladına məhdudiyyət tətbiq etsə belə, həmin uşağın dostunun telefonundan, yaxud başqa platformalar vasitəsilə eyni məzmuna çıxış əldə etməyəcəyinə heç bir təminat yoxdur. Yaxud, uşaqların 13-16 yaş baryerini anonim profillərlə aşmayacaqlarına da təminat yoxdur.

Üstəlik, məsələ təkcə “Facebook” və “YouTube”la bitmir. Dünyada sayı 200-ü ötmüş sosial şəbəkə və video-paylaşım platforması fəaliyyət göstərir. Onların böyük əksəriyyətində yaş filtrləri formal xarakter daşıyır və faktiki olaraq işləmir. Pornoqrafik materiallar, silah nümayişləri, kriminal çağırışlar, qanunsuz oyunlar və zorakı davranışlar heç bir real nəzarət mexanizmi olmadan tirajlanır. Bu isə psixoloji cəhətdən formalaşmaqda olan uşaqlar üçün birbaşa təhlükədir.

Qeyd etmək lazımdır ki, baş verən faciələr Azərbaycan cəmiyyəti üçün uzun müddət xarakterik olmayıb. Güclü ailə institutu, mənəvi bağlar, ictimai nəzarət, ölkədəki sabitlik və nizam-intizam bu cür halların kütləviləşməsinin qarşısını ala bilib. Lakin qlobal rəqəmsallaşma və nəzarətsiz sosial media mühiti bu balansı sürətlə pozur. Əgər vaxtında və sistemli tədbirlər görülməzsə, bu tip hadisələrin artacağı şübhə doğurmur”, - deyə o vurğulayıb.

Müşfiq Ələsgərli bildirib ki, dünya təcrübəsi bunu açıq şəkildə göstərir: “Bənzər problemlərlə üzləşən bir sıra ölkələr artıq qabaqlayıcı tədbirlərə keçiblər. Avstraliya bu sahədə qlobal nümunə hesab olunur. Ölkədə uşaqları sosial şəbəkələrin zərərli təsirindən qorumaq üçün qanunvericilik sərtləşdirilib, platformalarda hesab açmaq üçün mərhələli yaş təsdiqi mexanizmləri tətbiq edilib, sosial şəbəkə idarəçilərinin üzərinə ciddi hüquqi öhdəliklər qoyulub. Fransa, İspaniya, İtaliya da bənzər modellər yaradıblar. Avropa İttifaqı səviyyəsində də oxşar istiqamətdə vahid qanunvericilik aktı hazırlanır və bu sənədin yaxın vaxtlarda qəbul ediləcəyi bildirilir”.

Ekspertin fikrincə, bu çağırışlar Azərbaycan üçün də aktualdır: “Baş verən hadisələr lokal insident kimi deyil, sistemli təhlükə kimi qiymətləndirilməlidir. Uşaqları sosial şəbəkələrin təhlükəsindən qorumaq üçün həm qanunvericilik bazası gücləndirilməli, həm sosial şəbəkə platformaları üzərində real nəzarət mexanizmləri yaradılmalıdır. Xüsusilə, 16 yaşına çatmayan şəxsləri sosial şəbəkələrin neqativlərindən qorumaq üçün hüquqi mexanizmlər yaradılmalıdır. Əks halda, bu gün istisna kimi görünən hadisələr sabah təhlükəli tendensiyaya çevrilə bilər. Cəmiyyətin təhlükəsizliyi isə ilk növbədə uşaqların psixoloji və mənəvi təhlükəsizliyindən başlayır”.

AzNews.az