“İdrak Liseyindəki hadisə inzibati yox, cinayət xarakterlidir” – Ramil Süleymanov

6 Fevral 2026 18:07 (UTC+04:00)

"Əlbəttə ki, sözügedən uşaq birbaşa cinayət məsuliyyəti daşıyır və hadisəyə hüquqi qiymət verilərkən bu amil əsas götürülür. Eyni zamanda silahın sahibi olan şəxs də silaha qarşı ehtiyatsız və məsuliyyətsiz davranışına görə cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu baxımdan cinayət təqibi orqanı tərəfindən silah sahibinə münasibətdə ayrıca cinayət işi ayrılaraq araşdırma aparılması və nəticə etibarilə hüquqi qiymət verilməsi istisna edilmir".

Bu fikirləri Aznews.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib.

Xatırladaq ki, İdrak Liseyində 10-cu sinif şagirdi müəllimə atəş açıb. Bildirilir ki, hadisə şagirdin evdən gətirdiyi ov tüfəngi ilə baş verib. İlkin məlumatlara əsasən, olay ehtiyatsızlıq nəticəsində qeydə alınıb.

Hüquqşünas qeyd edib ki, baş vermiş hadisənin xarakteri və nəticələri onu inzibati xəta kimi qiymətləndirməyə əsas vermir.

"Hadisənin ağırlıq dərəcəsi və törədilən əməlin nəticələri cinayət məsuliyyətinin yaranmasını şərtləndirir. Zərərçəkmiş şəxsin sağ qalması nəzərə alınmaqla, ilkin mərhələdə böyük ehtimalla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə, yəni qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi başlanılacaq və əməl faktiki olaraq qəsd elementləri prizmasından araşdırılacaq. Bununla belə, ibtidai istintaqın gedişində tərəflərin izahatları alındıqdan, şahid ifadələri və digər sübutlar toplandıqdan sonra hadisənin hüquqi tövsifi dəyişdirilə bilər. Toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin digər müvafiq maddələri üzrə əmələ yenidən hüquqi qiymət verilməsi mümkündür".

Rəfiqə Namazəliyeva,

AzNews.az