Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
AzNews.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, şahmatçılar, məşqçilər və digər rəsmi şəxslər iştirak ediblər.
İlk olaraq Dövlət Himni səsləndirilib.
Mahir Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb: "Çox şadam ki, güclü şahmatçılar çempionatda iştirak edəcəklər. Buna nail olmaq üçün xeyli işləməli olduq. İnanırıq ki, güclü olan qalib gələcək. Biz istəmirik ki, Azərbaycan çempionatı adi yarışlardan biri olsun. 10-15 il əvvəl yarışlar sönük məcrada keçirdi. O illərə qayıtmaq istəmirik. Bizi maraqlı çempionat gözləyir. İnanırıq ki, hər şey ədalətli olacaq".
Sonra turnirin tanıtım videoçarxı nümayiş etdirilib.
Ardınca Fərid Qayıbov şahmatsevrləri maraqlı mübarizənin gözlədiyini bildirib:
"Azərbaycan Şahmat Federasiyası yaxşı işlər görür. Azərbaycan çempionatının səviyyəsi qalxıb, şahmatçılarımız da buna layiqdirlər. Bu idman növü çox məşhur. Şahmatda nəticələrimiz ildən-ilə yaxşılaşır".
Daha sonra isə turnirin püşkatma mərasimi keçirilib.
Qeyd edək ki, Azərbaycan çempionatına 46 şahmatçı qatılacaq. Turnir 6-22 fevral aralığında təşkil olunacaq. Kişi şahmatçılarda 30, qadınlarda isə 16 iştirakçı mübarizə aparacaq. Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.
AzNews.az