İtaliyanın cənub-şərqində yerləşən Brindisi və Leççe şəhərlərini birləşdirən avtomobil yolunda zirehli pul daşıyan nəqliyyat vasitəsinə qarşı soyğun cəhdi zamanı silahlı toqquşma baş verib.
İtaliya mətbuatının məlumatına görə, hadisə bu səhər Brindisi–Leççe istiqamətində yerləşən “613” nömrəli avtomobil yolunda qeydə alınıb. Silahlı şəxslər qrupu xüsusi bir şirkətə məxsus zirehli inkassasiya maşınına hücum edib.
Bildirilir ki, hücum edənlər əvvəlcədən yol kənarında saxladıqları avtomobili od vuraraq yandırıb və bununla yolu bağlayaraq zirehli nəqliyyat vasitəsini dayandırmağa nail olublar. Üzlərində əsasən qara maskalar olan soyğunçuların avtomobili ələ keçirmək üçün partlayıcı maddələrdən də istifadə etdikləri qeyd olunur.
Hadisəyə müdaxilə edən təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında atışma baş verib, lakin insident nəticəsində xəsarət alan olmayıb.
Polisin vaxtında müdaxiləsi səbəbindən soyğun cəhdinin uğursuz olduğu, şübhəlilərin isə yoldan keçən başqa bir avtomobili dayandıraraq onu oğurlayıb hadisə yerindən qaçdıqları iddia edilir.
Hadisə ilə əlaqəli olduğu ehtimal edilən iki şübhəli şəxs Leççe əyaləti yaxınlığında İtaliya jandarması tərəfindən saxlanılıb.
Yerlı mətbuat gündüz saatlarında baş verən insidenti “İtaliyada Vəhşi Qərbi xatırladan səhnələr” kimi qiymətləndirib.
Qeyd olunur ki, sözügedən “613” nömrəli avtomobil yolunda 2024-cü ildə də oxşar hadisə baş vermiş, avtomatik silahlarla silahlanmış 10 nəfərlik dəstə zirehli nəqliyyat vasitəsindən təxminən 3 milyon avro nağd pul oğurlamışdı.
Mövsüm,
AzNews.az