“Tehran nüvəni suverenlik məsələsi sayır” – Elçin Xalidbəyli

9 Fevral 2026 18:09 (UTC+04:00)

"Hazırda regionda hər an partlayışa çevrilə biləcək son dərəcə həssas bir vəziyyət formalaşıb. İran əsas hədəf kimi ön plana çıxır. ABŞ-nin İrana yönəlik dörd-beş əsas tələbi var ki, bunlar əsasən nüvə proqramı və raket texnologiyalarından imtina ilə bağlıdır. Rəsmi Tehran hələlik bu tələbləri qəbul etməyə hazır deyil. İran hesab edir ki, həm nüvə, həm də raket texnologiyaları ölkənin müstəqilliyi və suverenliyinin əsas təminatçılarındandır. Bu səbəbdən Tehran nüvənin zənginləşdirilməsi hüququna malik olduğunu bildirir və bu prosesi sülh məqsədləri üçün davam etdirmək niyyətindədir. ABŞ isə İranı tam şəkildə uranın zənginləşdirilməsindən imtinaya məcbur etməyə çalışır. Eyni zamanda Vaşinqton indiyədək zənginləşdirilmiş uranın üçüncü ölkəyə təhvil verilməsini də tələb edir. İran bu şərtləri də qəbul etmir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, İran və ABŞ arasında danışıqlarda tərəflərin güzəştə getməməsi fonunda regionda diplomatik və hərbi aktivlik artıb. ABŞ Yaxın Şərqə hərbi təyinatlı yüklərin daşınmasını intensivləşdirib. Hərbi bazalara hava hücumundan müdafiə sistemləri və müxtəlif təyinatlı raketlər daha çox göndərilir. Bu vəziyyət fonunda müharibənin qaçılmaz ola biləcəyini düşünənlərin sayı da artmaqdadır.

Siyasi şərhçi qeyd edib ki, nəticədə tərəflər arasında dialoqdan çox gərgin mübahisələr davam edir.

"Bu proses fonunda region ölkələri, xüsusilə İranla qonşu dövlətlər ABŞ-nin İrana hərbi zərbə endirməsində maraqlı deyil. Çünki belə bir addım ilk növbədə ciddi humanitar nəticələrə, eləcə də sosial-iqtisadi problemlərin dərinləşməsinə səbəb ola bilər. Bu baxımdan qonşu ölkələrin heç biri İranın ABŞ tərəfindən hərbi müdaxiləyə məruz qalmasını istəmir. Xüsusilə Türkiyə bu gərginliyin azaldılması üçün fəal mövqe nümayiş etdirir və hətta vasitəçilik təklifləri ilə çıxış edir. Lakin indiyədək vasitəçilik missiyasını üzərinə götürmək istəyən dövlətlərin cəhdləri real nəticə verməyib. ABŞ isə istədiyi cavabı ala bilmədiyi üçün regiona əlavə hərbi qüvvələr göndərməklə İrana təzyiqi artırmağa çalışır. Mövcud vəziyyətdə vasitəçilərin təsir imkanlarının demək olar ki, məhdud olduğu görünür. Əgər rəsmi Tehran Vaşinqtonla anlaşmağa nail olsa və ABŞ-nin tələblərinin əhəmiyyətli hissəsini qəbul etsə, müharibə ehtimalı zəifləyə bilər. Əks halda, yəni ABŞ israrını davam etdirər və İran güzəştə getməzsə, silahlı qarşıdurma riski ən təhlükəli həddə çata bilər və müəyyən mərhələdə ABŞ-nin İrana hərbi zərbə endirməsi ehtimalı da gündəmə gələ bilər. Hazırda isə bu barədə qəti proqnoz vermək çətindir. Çünki vəziyyət sürətlə dəyişir və savaşın olub-olmayacağı ilə bağlı real arqumentlər irəli sürmək hələlik mümkün deyil".

Rəfiqə Namazəliyeva,

AzNews.az