"Azərbaycanda tədris sistemi əsasən imtahan yönümlüdür və valideynlər uşaqlarını çox vaxt birbaşa imtahanlara, xüsusilə ali təhsil müəssisələrinə hazırlaşdırırlar. Təəssüf ki, bu proses artıq çox erkən yaşdan başlayır. Birinci sinifdən etibarən şagirdlər repetitor yanına göndərilir və üzərlərində davamlı təzyiq olur. Bu vəziyyət şagirdləri 11 illik məktəb həyatında həddindən artıq yorur. Məktəblər isə əksər hallarda yalnız tədrisə fokuslanır, tərbiyə və təlim aspektləri arxa planda qalır. Bu isə bəzi xoşagəlməz halların səbəbi olur".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Qeyd edək ki, müasir təhsil sistemi şagirdlərin yalnız faktları əzbərləməsi deyil, həm də tənqidi və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirməsi üzərində dayanır. Lakin ənənəvi qiymətləndirmə metodları hələ də çox vaxt şagirdləri “test cavablandıran” vəziyyətinə salır və onların problem həll etmə, analiz və yaradıcılıq qabiliyyətlərini məhdudlaşdıra bilər. Bu baxımdan, təhsil proqramlarının strukturu və qiymətləndirmə sistemlərinin effektivliyi günümüzdə həm valideynlər, həm də pedaqoqlar tərəfindən müzakirə mövzusudur.
Ekspert qeyd edib ki, məktəblərin reytingi əsasən şagirdlərin akademik nəticələrinə görə müəyyənləşdirilir.
"Heç kim məktəblərdən soruşmur ki, neçə yaxşı vətəndaş yetişdirilib, şagirdlər hansı sosial və mədəni bacarıqlara yiyələnib. Reytinq yalnız qəbul imtahanları və ballarla müəyyənləşdirildiyi üçün məktəblər daha çox təlim mərkəzlərinə çevrilir və tərbiyə prosesinə kifayət qədər diqqət yetirilə bilmir. Nəticədə şagirdlər proqramı mənimsəyib ali təhsil uğurlarına nail ola bilsələr də, imtahan qorxusu və mövcud sistem onların sərbəst düşünmə və öz fikirlərini ifadə etmə qabiliyyətini məhdudlaşdırır. Bu səbəbdən hələ ki, təhsil sistemi tərbiyə və yaradıcılığı tam şəkildə inkişaf etdirə bilmir".
Rəfiqə Namazəliyeva,
AzNews.az