"Son dövrlərdə məktəblərdə və təhsil sistemində baş verən müxtəlif xoşagəlməz hallar, zorakılıq, aqressiv davranışlar və bəzi hallarda hətta qətllər təbii ki, ictimaiyyətin diqqət mərkəzindədir. Bu, cəmiyyətin müəyyən mənada sosial olaraq stressli və həyəcanlı vəziyyətdə olduğunu göstərir. Düzdür, bu halları kütləvi şəkildə hamıya aid etmək düzgün deyil, amma aparılan tədqiqatlar və öz araşdırmalarımız göstərir ki, aqressiv davranış riski əhəmiyyətli dərəcədə artıb və təxminən 60%-i təşkil edir. Yəni, şagirdlərin və gənclərin təxminən 60%-i müəyyən dərəcədə aqressiv davranış riski ilə üzləşir və ya belə davranış sərgiləyir. Adətən aqressiv davranış nümayiş etdirən insanlar da həyatlarının müəyyən mərhələsində müvafiq təsirlərə məruz qalıblar. Bu, mənfi təcrübələrin bir-birini gücləndirməsi, aqressiya və zorakılığın təkrarlanması ilə bağlıdır. Bu həmçinin gənclərin sosial davranış modellərinin deformasiya olunmasının göstəricisidir, lakin əsasən emosional stress və post-traumatik təsirlərlə izah olunur. Bu travmalar həm sosial mühitdən, həm ailədən, həm cəmiyyətdən, həm də texnologiyalar və sosial şəbəkələr vasitəsilə əldə edilə bilər. Araşdırmalar göstərir ki, burada fərqli faktorlar mövcuddur, amma məsələ yalnız fərqlilik problemi ilə bağlı deyil".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Xatırladaq ki, son vaxtlar ölkəmizdə məktəblərdə baş verən zorakılıq hadisələri — şagirdin müəllimə atəş açması, bıçaqlama halları və digər aqressiv davranışlar — cəmiyyətin diqqətini çəkir. Bu hadisələr təkcə təhsil müəssisələrindəki təhlükəsizlik məsələlərini deyil, həm də gənclərin sosial davranış modelləri, emosional vəziyyəti və cəmiyyətin məktəb mühitinə təsirini gündəmə gətirir. Sosioloji təhlil göstərir ki, bu tip halların səbəbləri yalnız fərdi faktorlarla məhdudlaşmır; ailə, məktəb mühiti, sosial medianın təsiri və həmyaşıd qrupların rolu da önəmlidir.
Sosioloq qeyd edib ki, cəmiyyətdə müəyyən sosial fərqlilik meyilləri, ailə institutunun zəifləməsi, boşanmaların artması və bununla bağlı aqressiyanın yüksəlməsi, eləcə də iqtisadi motivlər bu halların əsas səbəblərindən biridir.
"Təəssüf ki, iqtisadi və sosial yanaşmalar hər zaman başa düşülən və ədalətli olmur. Məktəb mühitində yaranan problemlər arasında ailə və məktəb arasındakı ziddiyyətlər də diqqəti çəkir. Çox vaxt bütün məsuliyyət müəllimlərin üzərinə düşür və onlar hədəfə çevrilirlər. Halbuki müəllimlər şagirdləri yönəldən, istiqamətləndirən və öyrədici rol oynamalıdır. Təəssüf ki, indiki yanaşmada müəllimlər daha çox şagirdlərin davranışlarını birbaşa və dolayı yollarla idarə etməyə məcbur edilir. Bu yanaşma, sosial nəzəriyyədə Talcott Parsons-un təqdim etdiyi “referent qruplar” anlayışı ilə əlaqələndirilir. İnsanlar daxil olduqları qrupların norma və davranışlarını özləri üçün qəbul edir və buna uyğun hərəkət edirlər. Məsələn, bir cinayətkar öz çevrəsindəki cinayətkarları normal hesab edir, lakin bu normallıq cəmiyyətin geniş norması kimi qəbul edilə bilməz. Bu səbəbdən insanlar digər davranışları potensial qurbanlıq kimi qiymətləndirirlər və müxtəlif faktorlar bu yanaşmanı gücləndirir. Məktəblərdə fiziki, mənəvi və psixoloji zorakılığın qarşısını almaq üçün preventiv tədbirlər vacibdir. Ailə münasibətləri, məktəb mühiti və sosial nəzarət mexanizmləri — valideynlər, müəllimlər, ekspertlər və valideyn şuraları — əməkdaşlıq etməli və müdaxilə və müşahidə sistemini düzgün qurmalıdır. Texnologiyalar, mobil telefonlar və kompüterlər nəzarət və müşahidəni asanlaşdıra bilər, amma hazırkı vəziyyətdə bəzən valideynlərin və müəllimlərin aqressiv davranışına haqq qazandırmaq üçün istifadə olunur ki, bu, qəbuledilməzdir. Cəmiyyətdə zorakılıq və aqressiya meyllərinin mövcudluğu və inkişafı qəbuledilməzdir. Medianın və sosial platformaların yanlış təsiri, etik prinsiplərin pozulması da bu problemləri gücləndirir. Bu halların qarşısını almaq üçün çıxış yolları tənqid və müzakirədən daha çox praktiki həllər üzərində fokuslanmalıdır. Praktiki müdaxilə və düzgün tənzimləmə mexanizmləri olmadan problemlərin həlli mümkün deyil".
Rəfiqə Namazəliyeva,
AzNews.az