Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fevralın 10-da hökumətin genişləndirilmiş iclasında ölkənin prezident respublikası modelinə keçdiyini bəyan edib.
Tokayev bildirib ki, Qazaxıstan superprezident idarəçilik formasından keçidi tamamlayır və güclü, nüfuzlu parlamentə malik prezident respublikası istiqamətində irəliləyir.
“Son illərdə həyata keçirilən siyasi islahatlara panoramik baxış onu göstərir ki, Qazaxıstan superprezident idarəçilik formasından qəti şəkildə imtina edir və nüfuzlu, təsirli parlamentə malik prezident respublikasına keçir”, – deyə Tokayev qeyd edib.
Prezident qeyd edib ki, təklif olunan dəyişikliklər bu prosesi davam etdirəcək. Onun sözlərinə görə, son illərdə həyata keçirilən siyasi transformasiyalar, o cümlədən 2022-ci il konstitusiya islahatı fonunda dövlətin konstitusion əsaslarının tam şəkildə yenilənməsi zərurəti gündəmə gəlib.
Tokayev əlavə edib ki, yeni Konstitusiya layihəsi “güclü prezident – nüfuzlu parlament – hesabatlı hökumət” konsepsiyasını təsbit edir. Bu modelin tətbiqi ölkədə dövlət idarəçiliyinin yeni sisteminin formalaşmasına gətirib çıxarmalıdır.
Mövsüm,
AzNews.az