Plastik cərrah Türkan Gündüzü öldürən həyat yoldaşı barəsində qərar verildi

10 Fevral 2026 13:21 (UTC+04:00)

Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı, Türkiyə vətəndaşı Muhammet Gündüzün barəsində olan hökmdən verilən kasassiya şikayətinə baxılıb.

Aznews.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, Muhammet Gündüz Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hpkmün cəza hissəsi dəyişdirilmədən saxlanılıb. Lakin, Türkan Gündüzünün nümayəndəsinin verdiyi mülki iddia qismən təmin edilib və Muhammet Gündüzün zərərçəkənin ailəsinə 15 min 700 manat ödəməsinə qərar verilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin mayın 6-da baş verib. Türkiyə vətəndaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüz həyat yoldaşı, tanınmış plastik cərrah Türkan Yafəs qızı Gündüzü bıçaqlayıb. Ağır xəsarətlər alan 41 yaşlı qadın hadisə yerində vəfat edib.

Türkan Gündüz ixtisaslı plastik cərrah, proktoloq olub. O, bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, həmçinin vaxtaşırı televiziyalarda qonaq olub. T.Gündüzün son iş yeri Bakıda “City Hospital” klinikası olub.

Qətli törədən Muhammet Gündüz isə biznes fəaliyyəti ilə məşğul olub, onlar 14 il əvvəl ailə həyatı qurublar. Hadisəni törədən M.Gündüz saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aznews.az