Netanyahu ABŞ-da səfərdədir

10 Fevral 2026 19:12 (UTC+04:00)

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə görüşmək məqsədilə ABŞ-yə səfər edib. Netanyahu sabah Ağ Evdə Tramp ilə görüşəcək.

Səfər öncəsi Ben Qurion Hava Limanında jurnalistlərə açıqlama verən Netanyahu bildirib ki, Trampın ikinci dəfə prezident seçilməsindən sonra onunla görüşmək üçün ABŞ-yə yeddinci dəfə səfər edir. O qeyd edib ki, bu rəqəmə Trampın İsrailə etdiyi yaddaqalan səfər və Knessetdəki çıxışı daxil deyil.

Netanyahu vurğulayıb ki, bu görüşlər onun ABŞ Prezidenti ilə şəxsi münasibətlərinin, eləcə də İsrail–ABŞ əlaqələrinin tarixdə analoqu olmayan xüsusi və yaxın xarakter daşıdığını göstərir.

Görüşün gündəminə toxunan Baş nazir bildirib ki, danışıqlarda Qəzza zolağındakı vəziyyət, regiondakı proseslər və ilk növbədə İranla aparılan danışıqlar müzakirə olunacaq. Netanyahu əlavə edib ki, Trampa bu danışıqların əsas prinsipləri ilə bağlı İsrailin mövqeyini təqdim edəcək.

Onun sözlərinə görə, bu prinsiplər təkcə İsrail üçün deyil, Yaxın Şərqdə sülh və təhlükəsizlik istəyən bütün dünya üçün həyati əhəmiyyət daşıyır.

Mövsüm,

AzNews.az