“Hərbi cinayətkarlara bəraət cinayətə şərik olmaqdır” - Hikmət Babaoğlu

10 Fevral 2026 20:52 (UTC+04:00)

"ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri ərəfəsində erməni dairələri tərəfindən hərbi cinayətkarların cəzadan azad olunması tələbi ilə intensiv kampaniyaya start verilib. Bu cür çağırışlar əslində həmin cinayətlərin törədilməsində birbaşa və ya dolayısı ilə iştirak etmiş mövqedən çıxış etmək anlamına gəlir. Çünki bir xalqa qarşı ən qəddar hərbi cinayətləri törədən şəxslərə bəraət istəmək, onların əməllərinə haqq qazandırmaq deməkdir və bu, cinayətkarla eyni mövqedə dayanmaqla nəticələnir. Mənə elə gəlir ki, ABŞ bu məsələnin mahiyyətindən kifayət qədər dərindən xəbərdardır. Bu, məsələnin birinci tərəfidir".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri ərəfəsində erməni diaspor təşkilatları Araik Arutyunyan və onunla əlaqəli şəxslərin azad edilməsi tələbi ilə Vaşinqtonda kampaniyaya başlayıblar. Vensin ofisinə kütləvi məktub göndərişləri təşkil olunub, məsələ “insan haqları” və dini həmrəylik çərçivəsində gündəmə gətirilməyə çalışılıb. Bu fəallaşma ilk baxışdan təsadüfi görünmür və əslində regionla bağlı daha geniş siyasi hesablamaların tərkib hissəsi kimi qiymətləndirilir.

Deputat bildirib ki, məsələnin ikinci tərəfi ondan ibarətdir ki, hazırda ABŞ–Azərbaycan münasibətləri elə bir mərhələdədir ki, təxribatçı qüvvələrin bu əlaqələrə təsir göstərmək ehtimalı demək olar ki, sıfıra bərabərdir.

“Buna baxmayaraq, oxşar cəhdlərin ABŞ nümayəndələrinin Ermənistana səfərləri zamanı da müşahidə edildiyini görürük. Erməni hərbi cinayətkarlarının əməllərinə şərik olan qüvvələr Ermənistanda da bu tipli təşəbbüslər göstərməyə çalışıblar. Məsələyə bir qədər geniş kontekstdən baxdıqda isə bunun Fransa Milli Assambleyasının hərbi cinayətkarlara azadlıq və bəraət verilməsinə yönəlmiş mövqeyi fonunda baş verdiyi aydın olur. Başqa sözlə, bu mövqenin kütləviləşməsi üçün əsas siqnal məhz Fransadan gəlib. Hazırda isə istər ABŞ-dakı müxtəlif lobbi və təşkilatlar, istər erməni lobbisi, istərsə də hələ də separatçı düşüncə tərzindən əl çəkməyən dairələr tərəfindən bu proses davam etdirilməyə çalışılır. Lakin Vensin Azərbaycana səfərinin gündəliyi son dərəcə mühüm strateji məsələləri əhatə edir və erməni tərəfinin bu cəhdləri, şübhəsiz ki, nəticəsiz qalacaq”.

Rəfiqə Namazəliyeva,

AzNews.az