Soyğunçu qrup ələ keçdi – Kürdəmirdə

17 Sentyabr 2013 09:52 (UTC+04:00)
Kürdəmir rayonunda quldurluq və soyğunçuluqla məşğul olan şəxslər saxlanılıb. Bu barədə AzNews.az-a rayon polis şöbəsindən məlumat verilib. Müxtəlif tarixlərdə mənzillərin soyulması ilə bağlı məlumat əsasında aparılan araşdırma zamanı cinayət hadisələrini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakinləri 33 yaşlı Cavid Nağdəliyev və 32 yaşlı Ceyhun Musayev polis tərəfindən saxlanılıb.

Aparılan istintaq işləri zamanı məlum olub ki, Cavid Nağdəliyev Musayevlə birgə həyata keçirdiyi soyğunluqla yanaşı təkbaşına da oğurluq edib. Belə ki, Cavid Nağdəliyev təkbaşına oğurluğunu sentyabrın 6-da həyata keçirib.

Həmin gün günorta saatlarında o, Kürdəmir şəhər sakini Təranə Xankişiyevaya məxsus mənzilə gələrək, evdə olan az yaşlı uşaqlara özünü elektrik şəbəkəsinin işçisi kimi təqdim edib. İçəri daxil olduqdan sonra isə uşaqlara hədə-qorxu gələrək oradan 350 AZN pul və 150 AZN dəyərində qızıl-zinət əşyası ələ keçirərək, aradan çıxıb. Cavid digər cinayət faktını həmyerlisi Ceyhun Musayevlə birgə törədib. Qabaqcadan əlbir olan şəxslər sentyabrın 9-da rayonun Şıxınlı kənd sakini Vüsalə Hüseynovaya məxsus mənzilə basqın ediblər.

Onlar tanınmamaq üçün kapron corabdan hazırlanmış maskadan istifadə ediblər. Mənzilə daxil olduqdan sonra oradakı uşaqları qorxudaraq, evdən 310 manat dəyərində 2 ədəd müxtəlif markalı telefon, həmçinin 300 manat dəyərində qızıl-zinət əşyalarını talayıblar. Hər iki şəxs əməllərindən peşman olduğunu bildirib. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Ruhiyyə
AzNews.az