ABŞ Prezidenti Donald Tramp İranla davam edən danışıqların uğursuz olacağı təqdirdə Yaxın Şərqə ikinci aviadaşıyıcı zərbə qrupunun göndərilməsini nəzərdən keçirdiyini açıqlayıb.
ABŞ-ın Axios xəbər platformasına müsahibəsində Tramp İranla bağlı gündəmi dəyərləndirib. O bildirib ki, danışıqlar nəticə verməzsə, mümkün hərbi əməliyyata hazırlıq məqsədilə bölgəyə əlavə aviadaşıyıcı göndərilə bilər.
“(İranla) ya razılaşma əldə edəcəyik, ya da ötən dəfə olduğu kimi çox sərt tədbirlər görməli olacağıq”, – deyə Tramp vurğulayıb. ABŞ lideri danışıqların ikinci mərhələsinin gələn həftə keçirilməsinə ümid etdiyini də qeyd edib.
Tramp hazırda bölgəyə doğru hərəkət edən bir donanmanın olduğunu bildirərək, “Ora gedən bir donanmamız var və daha biri də göndərilə bilər”, – ifadəsini işlədib.
O xatırladıb ki, əvvəlki gərginlik zamanı İran ABŞ-ın zərbə endirəcəyinə inanmayıb, lakin Vaşinqton İranın nüvə obyektlərini hədəfə alıb. “Bu dəfəki danışıqlar fərqlidir”, – deyə Tramp əlavə edib.
ABŞ Prezidenti İranla əldə olunacaq mümkün razılaşmanın ölkənin nüvə proqramını tam şəkildə əhatə edəcəyini, eyni zamanda ballistik raket proqramını da hədəf almalı olduğunu bildirib.
Mövsüm,
AzNews.az