İbrahimbəyovun “U dönüşü”nün səbəbi məlum oldu – “II Tiflis zirvəsi”nin TƏFƏRRÜATLARI

17 Sentyabr 2013 10:07 (UTC+04:00)
Milli Şuranın sədri Rüstəm İbrahimbəyov ötən həftənin sonunda "apa" agentliyinə verdiyi müsahibəsində səsləndirdiyi bir sıra gözlənilməz açıqlamalarını "Yeni Müsavat" qəzetinə verdiyi müsahibədə təkzib edərək, kəskin məzmunlu ifadələrini malalamağa çalışıb.

İbrahimbəyov birinci müsahibəsində səsləndirdiyi "mən siyasətlə məşğul olmuram, olmayacağam", "məni vahid namizəd olmağa məcbur etdilər" və s. kimi Milli Şura daxilində və mətbuatda geniş əks-səda doğuran fikirlərini ikinci intervüsündə geri götürməyə çalışaraq, sözlərinin yaratdığı rezonansı aradan qaldırmağa cəhd göstərib.
Bəs iki gün ərzində nə baş verdi ki, İbrahimbəyov dediyi sözləri təkzib etmək məcburiyyəti hiss etdi?

Bunun səbəbləri ilə bağlı AzNews.az-a ilginc məlumat daxil olub. Milli Şuranın seçki məsələləri ilə məşğul olan mənbənin verdiyi məlumata görə, R.İbrahimbəyovu geri addım atmağa qurumun prezidentliyə namizədi Cəmil Həsənli vadar edib.

Maraqlı məqam budur ki, R.İbrahimbəyovun sözügedən açıqlamaları verdiyi müsahibəsinin yayınlanmasından sonra Tiflisə, onunla görüşməyə gedən C.Həsənli Bakıya gəlib çatmamış artıq Milli Şura sədri qurumdakı fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirləri təkzib etmişdi. Mənbənin məlumatlarının kifayət qədər səhih olduğu barədə qənaətimizi də məhz bu məqam gücləndirir.
MŞ-dəki qaynağımız bildirir ki, C.Həsənli R.İbrahimbəyovla görüşdə ona çox sərt şəkildə xəbərdarlıq edib və açıqlamalarının Milli Şuranın seçkiqabağı fəaliyyətinə zərbə vurduğunu deyib. Mənbənin sözlərinə görə, C.Həsənli R.İbrahimbəyovla görüşündə vahid namizəd olmağı qəbul edərək, onun məsuliyyətini öz üzərinə götürdüyünü, ikincinin isə bunun qarşılığında yalnız və yalnız prosesə ziyan vurduğunu xatırladıb.

Bildirilir ki, C.Həsənli görüşdə İbrahimbəyova bu tipli açıqlamalarını dayandırmağı və ən azı seçki bitənə qədər ziyanlı müsahibələr verməməyi tövsiyə edib. MŞ-in prezidentliyə namizədi seçki prosesini qalmaqalsız və onun ictimai nüfuzuna zərbə vurmadan başa çatdırmaq istəyini dilə gətirib və R.İbrahimbəyovun məhz buna görə açıqlamalarında diqqətli olmalı olduğunu xatırladıb.

Mənbənin sözlərinə görə, R.İbrahimbəyov da öz növbəsində C.Həsənlinin tələblərini qəbul edib və ona seçkinin sonuna qədər bu tip "qeyri-siyasi" açıqlamalarını dayandıracağı vədini verib.

Bu söhbətlərin ardınca isə hələ C.Həsənli Tiflis-Bakı yolundaykən artıq R.İbrahimbəyov mətbuata yeni müsahibə vermiş və "apa"da gedən müsahibəsində səsləndirdiyi fikirlərin demək olar ki, hamısını geri götürmüşdü.

Anar Gəraylı
AzNews.az