“Kartdan karta əməliyyatlarda yeni mərhələ başlayıb” - Akif Nəsirli

11 Fevral 2026 19:21 (UTC+04:00)

"Kartdan karta köçürmələrin Ani Ödənişlər Sistemi vasitəsilə həyata keçirilməsi vətəndaşlar üçün ilk növbədə daha sürətli və fasiləsiz əməliyyat imkanı yaradır. Sistem real vaxt rejimində işlədiyi üçün köçürülən məbləğ saniyələr ərzində qarşı tərəfin hesabına çatır. Əməliyyatların günün istənilən saatında, o cümlədən qeyri-iş günlərində icra olunması isə istifadəçilər üçün əlavə rahatlıq deməkdir. Yeni mexanizm təhlükəsizlik baxımından da üstünlüklər təqdim edir. Mərkəzləşdirilmiş və vahid infrastruktur üzərindən aparılan əməliyyatlar nəzarət və şəffaflığı artırır, texniki nasazlıq risklərini azaldır. Banklar üçün əməliyyatların daha optimallaşdırılmış şəkildə idarə olunması xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olur ki, bu da son nəticədə müştəri məmnuniyyətinə müsbət təsir göstərir".

Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Qeyd edək ki, Azərbaycanda kartdan karta pul köçürmələrində yeni mərhələ başlayıb. Artıq “card to card” əməliyyatları kart prosesinq sistemi üzərindən deyil, Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilir. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu dəyişiklik bankların daxili infrastrukturunda yeniliklər yaradır və onlara bir sıra texnoloji və əməliyyat üstünlükləri təmin edir.

O bildirib ki, AÖS vasitəsilə aparılan köçürmələr xərclərin azalmasına da imkan yaradır.

"Banklar üçün əməliyyat xərcləri aşağı düşdükcə, bu, komissiyaların azalması və ya daha sərfəli xidmət paketlərinin təklif olunması ilə nəticələnə bilər. Bundan əlavə, vətəndaşlar üçün köçürmə prosesinin daha sadə və intuitiv olması rəqəmsal bankçılıqdan istifadəyə marağı artırır. Bu addım nağd puldan istifadənin azalmasına da təkan verir. Köçürmələrin rahat, sürətli və əlçatan olması insanları gündəlik ödənişlərdə və borc münasibətlərində nağd pula ehtiyac duymadan rəqəmsal kanallardan istifadə etməyə təşviq edir. Nəticədə iqtisadiyyatda nağdsız dövriyyənin həcmi artır, maliyyə əməliyyatlarının izlənə bilənliyi yüksəlir və kölgə iqtisadiyyatının azalmasına töhfə verilir. Ümumilikdə, kartdan karta köçürmələrin Ani Ödənişlər Sisteminə inteqrasiyası həm istifadəçilər, həm də bank sektoru üçün daha çevik, təhlükəsiz və müasir ödəniş mühiti formalaşdırır və ölkədə rəqəmsal maliyyə ekosisteminin inkişafını sürətləndirir".

Rəfiqə Namazəliyeva,

AzNews.az